Tanınmış iş adamı, xeyriyyəçi, nəğməkar şair Gülağa Tənha 8 noyabr Zəfər Günü münasibətilə başda Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan Cənab İlham Əliyev olmaqla, Azərbaycan xalqını təbrik edib.
Newscenter.az-ın xəbərinə görə, Gülağa Tənha təbrik mesajında qeyd edir ki, Azərbaycan xalqı 30 ilə yaxın bir dövrdə işğal altında olan torpaqlarımızı azad edərək, 44 günlük Vətən müharibəsində Zəfər tarixini yazdı. Xalqın arzusunda olduğu və illərlə həsrətlə gözlədiyi bir tarixi iyirmi birinci yüzilliyn salnaməsinə əbədi olaraq həkk etdi:
"İki il bundan əvvəl, noyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xalqa müraciəti və "Bu gün ölkəmiz üçün tarixi bir gündür, bu gün Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə son qoyulur", - deməsi böyük bir Zəfər tariximizə çevrildi. Noyabrın 8-də 28 illik həsrətdən sonra Azərbaycan xalqı üçün böyük əhəmiyyət kəsb edən və rəmzi məna daşıyan Şuşa şəhəri işğaldan azad edildi. Faşist ideologiyalı Ermənistan Qarabağdakı bütün infrastrukturu, tarixi, dini və mədəni abidələri, yaşayış binalarını və evlərini darmadağın etməsi göz qabağındadır.. Bu gün Azərbaycan , Zəfərin davamı olaraq regionda yeni reallıqlar yaratmış Qarabağda böyük abadlıq-quruculuq işləri həyata keçirir. Bu gün Böyük Qayıdışın ilk ünvanı olan Ağalı kəndində həyat qaynayır. Füzülidə, Zəngilanda Beynəlxalq hava limanlarının istifadəyə verilməsi və digər irimiqyaslı layihələr tezliklə bu ərazilərin müasir məkana çevrilərək, əzəli sakinlərinin ixtiyarında olacağından xəbər verir".
Xeyriyyəçi iş adamı vurğulayıb ki, bu Zəfər Ali Baş Komandan ətrafında birləşərək "Dəmir yumruq" yaradan xalqın qalibiyyətidır:
"Döyüş meydanında olduğu kimi, diplomatik müstəvidə də Azərbaycanın tarixi qələbəsidir. Bu Zəfər Azərbaycan xalqının misli görünməmiş qəhrəmanlıq salnaməsidir. Bu əlamətdar gün dövlətçilik ənənələri ta qədimlərə söykənən Azərbaycan xalqının birlik, şərəf, məğrurluq, qürur və ədalət bayramıdır, tariximizə qızıl hərflərlə yazılan, dünya hərb elminə dair dərsliklərə düşən, ordumuzun qüdrətini bütün dünyaya tanıdan böyük hadisədir Bu qələbə təkcə Ermənistan üzərində deyil, həm də ölkəmizə qarşı qeyri-dost münasibəti bəsləyən, bütün vasitələrlə təzyiqlər göstərməyə çalışan haqsız qüvvələr üzərində Zəfərdir. Bu Zəfər bayramı bizim üçün qürur mənbəyidir. Bütün dünya - bizə dəstək olan və olmayan hər kəs Azərbaycanı qalib ölkə kimi tanıdı".
Gülağa Tənha daha sonra bildirib ki, Azərbaycanın şanlı Zəfəri, Ermənistanın isə acınacaqlı məğlubiyyəti "Dağlıq Qarabağ"ın statusunun müəyyən edilməsi məsələsinin üstündən birdəfəlik xətt çəkdi, tarixi Azərbaycan torpaqlarında yeni erməni dövlətinin qurulması planlarını darmadağın etdi:
"Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan xalqı bütün dünyaya sübut etdi ki, Qarabağ Azərbaycandır! Mən bir daha bu zəfəri bizlərə yaşadan öz canı, qanı bahasına doğma Qarabağı düşməndən azad edən şəhidlərimizin analarının qarşısında baş əyirəm və min cür əzab- əziyyətlə həyatlarına davam edən qazilərimizə Allahdan şəfa diləyirəm".
R.Mehdiyeva