Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Şanlı Zəfər tariximiz

Şanlı Zəfər tariximiz


44 günlük İkinci Qarabağ müharibəsi 30 illik torpaq həsrətinə son qoyaraq, Azərbaycanın zəfəri ilə dünyaya səs saldı.Ali baş komandanın Dəmir Yumruğu ətrafında birləşən Azərbaycan xalqı dünyanın ən məğrur, yenilməz xalqı kimi, ordumuz isə dünyanın ən güclü ordusu kimi tarixə yazıldı. Bu tarixi zəfərimizin başlanğıcı 2016-cı ilin Aprel döyüşləri oldu. Həmin döyüşlərdə 25 ilə yaxın müddətdə işğal altında qalmış torpaqlarımızın 2 min hektarı, o cümlədən bir sıra strateji yüksəkliklər azad edildi.

2018-ci il may ayında Naxçıvan Muxtar Respublikasının 11 min hektardan artıq ərazisi və Şərur rayonunun Günnüt kəndi düşməndən azad edilərək dövlət sərhədi boyunca əlverişli mövqelər Azərbaycan Ordusunun nəzarəti altına keçdi.

İki il sonra – 2020-ci il iyul ayında Ermənistan ordusu yenidən təxribatlara əl atdı və Tovuz rayonu istiqamətində atəşkəsi pozdu. Tovuz döyüşləri də Azərbaycanın hərb tarixinə xüsusi olaraq daxil oldu və bizim zəfərimizə əsas təkan verən hadisə oldu.

Rəşadətli Azərbaycan Ordusu sentyabrın 27-dən Ermənistanın hərbi təcavüzünə cavab olaraq, 30 ildən artıq işğal altında olan torpaqlarımızı azad etmək üçün genişmiqyaslı əks-hücum əməliyyatları həyata keçirməklə düşmənin bu illər ərzində yaratdığı “yenilməzlik” mifologiyasını darmadağın etdi. Ordumuzun sentyabrın 27-də başlatdığı uğurlu əks-hücum əməliyyatları nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edildi. Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və rayonun 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun 3 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksəklik, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz yüksəklikləri və daha 5 adsız yüksəklik düşmən tapdağından azad edildi.

Müharibə dövründə Gəncəyə, Bərdəyə, Tərtərə atılan ballistik və kasetli raketlər də xalqımızın əzmini, iradəsini əzə bilmədi, əksinə daha da gücləndirdi. Göstərilən təzyiqlərə baxmayaraq millət bir olaraq Ali Baş Komandanın ətrafında tək yumruğa çevrildi. Bu dövrdə Azərbaycan xalqı əsl milli həmrəylik, birlik nümayiş etdirdi.

Noyabrın 8-nə təsadüf edən Zəfər günümüz Qarabağın ürəyi sayılan Şuşamızın düşmən işğalından azad edilməsi ilə oldu. Şuşa şəhərinin işğaldan azad edilməsinin tarixi əhəmiyyəti nəzərə alınaraq, xalqımızın döyüş əzminin və qüdrətinin təntənəsinə çevrilən, dövlətimizin gələcək inkişafı və nüfuzu baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbə - Zəfər Günü hər il noyabrın 8-də təntənəli şəkildə qeyd edilir.

Noyabrın 9-da 70-dən artıq kənd, 1 qəsəbə, 8 strateji yüksəklik mübariz ordumuz tərəfindən azad olundu.Artıq özünə başqa çıxış yolu tapa bilməyən Ermənistan hakimiyyəti Noyabrın 10-da Ali baş komandan İlham Əliyevin tələblərini qəbul edərək, kapitulyasiya bəyannaməsini imzalamaq məcburiyyətində qaldı.

Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli və prinsipial mövqeyi hərb meydanında olduğu kimi, diplomatiya meydanında,eyni zamanda informasiya savaşında da uğurlarımızı şərtləndirdi. Qazanılan mütərrəqi zəfərlə: - ərazi bütövlüyümüz təmin edildi; - ordumuzun gücü və imkanları bütün dünyaya nümayiş olundu; - milli birliyimiz daha da möhkəmləndi; - BMT-nin Dağlıq Qarabağla əlaqədar qətnamələrinin həyata keçirilməsi təmin edilmiş oldu; - yalançı erməni uydurmaları ifşa olundu.

Şanlı bayrağımızı azad edilən torpaqlarımızda dalğalandırmış, bu yolda canlarını əsirgəməmiş əsgər və zabitlərimizi, bütün şəhidlərimizi dərin ehtiramla yad edirik,ruhları qarşısında baş əyirik. Qazilərimizə isə Allahdan şəfa diləyirik. Bu gün Azərbaycan Qarabağa qovuşdu, tarixi zəfərə imza atdı, şəhidlərimizin, ermənilərin törətdiyi soyqırımlar zamanı həlak olan günahsız insanlarımızın qisası döyüş meydanında alındı, işğalçı Ermənistana layiq olduğu yer göstərildi. Bu qələbəni, zəfəri bizlərə yaşadan isə Ulu Öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi altında güclü ordumuz, rəşadətli əsgər və zabitlərimiz oldu. Cənab Prezident Ata vəsiyyətini yerinə yetirdi. 44 günlük qəhrəmanlıq savaşımız tarix boyu şanlı qürur mənbəyimiz olaraq qalacaq! Qarabağ Azərbaycandır!



Günəş Cəfərova- Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatı Mir-Qasımov 1/8 ərazi ilk partiya təşkilatının sədri.
Xəbəri paylaş