Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Naxçıvan: Azərbaycanın vahidliyinin atributu kimi

Naxçıvan:  Azərbaycanın vahidliyinin atributu kimi


“… Konstitusiyada Naxçıvan Muxtar Respublikasının statusu müəyyən edilibdir. Əbədi müəyyən olunubdur - Naxçıvan Azərbaycan Respublikasının tərkibində muxtar dövlətdir. Bu Konstitusiya ümumxalq referendumu vasitəsilə qəbul olunubdur və onu bundan sonra heç kəs poza, dəyişə bilməz.”
Heydər Əliyev


Azərbaycanın subyekti olan Naxçıvan torpağının müzakirə obyektinə çevrilməsi və statusuna dair absurd mühakimələrin yürüdülməsi təhlükəli və təxribat xarakteri daşıyır.

Belə fitnə-fəsadlar və hallar cəmiyyətin şüuruna təsir edir, ictimaiyyətin yolunu azdırır və xalqın konsolidasiyasını zədələyir. Qədim türk elinə muxtariyyət statusu verilməsi tarixi zərurətdən və zamanın diktəsindən irəli gələn səbəb və nəticədir. Bu Azərbaycanın milli təhlükəsizliyini - fərd, cəmiyyət və dövlət maraqlarını təsbit edir.

Biz, tarixin bəxş etdiyi - uzaqgörən sələflərimizin bizə miras qoyduğu dövlət statusunun avantajını nəinki yaşatmalı, hətta xələflərimizə olduğu kimi müqəddəs əmanəti təhvil verməliyik.

Bununla, Dünya Azərbaycanlıları, Azərbaycan dövləti və diasporu Naxçıvanın muxtariyyət statusunun 100 illiyinə konseptual hazırlaşmalı və bu yubileyin keçirilməsini reallaşdırmalıdırlar. İdeoloji xətt üzrə nəzər-diqqət bu istiqamətə fokuslanmalıdır.

Bu qədim yurd yerimizə iddia məkirli erməni ideologiyasının - “erməniçiliyin” əsas istiqamətlərindən birini təşkil edir. Hətta, digər qonşumiz xülya və xəyallarını gizlətmir.

Qeyd edək ki, etnik-milli, tarixi-coğrafi nöqteyi-nəzərdən bölünmüş milli ərazi və əhali qrupu qonşu sayılmır.
Təbii ki, Cəhənnəmə gedən özünə yoldaş axtarar. Biz Cənnətə doğru yolumuza davam edək.
Araz Naxçıvanın rəmzidir: Vəhdət!

Müddətsiz imzalanan müqavilənin dəyişdirilməsi kvorum məsələsi olmaqla beş dövlətin razılığı ilə ola bilər. Bu status Qars müqaviləsində belə təsbir olunmuşdur.

“Maddə 5. Türkiyə hökuməti və Sovet Ermənistanı və Azərbaycanı hökumətləri razılığa gəlirlər ki, Naxçıvan vilayəti bu müqavilənin 3-cü əlavəsində müəyyən edilən sərhədlərdə Azərbaycanın himayəsi altında muxtar ərazi yaradır”.
Müasir Azərbaycanın qurucusu Heydər Əliyevin təbirincə desək:

“Naxçıvan Azərbaycanın əsas torpağından ayrı düşdüyünə görə Naxçıvanın bütövlüyünü, təhlükəsizliyini, dövlətçiliyini, muxtariyyətini gələcəkdə də təmin etmək üçün Qars müqaviləsi bizim üçün çox böyük, əvəzi olmayan sənəddir”.

Cənubi Qafqazın ən hündür zirvəsi Qapıcığın ətəyində yerləşən Naxçıvan Şərqin qapısı, Nuhun diyarı olmaqla, qədim və zəngin sivilizasiyası, etnoqrafik xüsusiyyətləri, maddi-mədəni abidələri, habelə unikal yaşayış yerləri ilə daşlara həkk olmuş və salnamələr yaratmışdır. Gəmiqaya, Kültəpə, Xaraba-Gilan və Əshabi-Kəhf buranın tarixiliyini və sarkallığını simvolizə etməklə cismi və ruhunu oxşayır.

Möhtəşəm memarlıq məktəbi bütün dünyaya səs salmış, örnək olmuşdur. Yer üzünün ən qüdrətli hökmdarından biri Əmir Teymur burada - Əlincə qalasında “Pirr qələbəsinə” məcbur edilmişdir.

Məhz Naxçıvan Marşı - “Yallısı” milli birliyimizin atributu kimi, həmrəyliyimizin təzahürü və təcəssümüdür.
Mövcud vəziyyətdə və şəraitdə ümummilli məqsədlərə və hədəflərə çatmaq üçün təmkin və səbat nümayiş etdirib, düzgün nəticə çıxarıb effektiv qərar vermək lazımdır.

Bu müqəddəs diyarla bağlı yayılan qeyri-rəsmi məlumatlar ümumi maraq və mənafeyimizin əleyhinə işləyir. Dövlət təhlükəsizliyimizə xələl gətirir.

Birbaşa quru əlaqəmiz olmayan Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvanın müdafiəsi və statusunun qorunması tarixi zərurətdən doğan çağırışdır.

Statusun, baş verən müvafiq proseslərin təhlil edilmədən müzakirə mövzusuna çevrilməsi hələ vətənpərvərlikdən və daxili “ürək yanğısı”ndan xəbər vermir.

Əslində, muxtariyyət dövlətçilik baxımından milli təhlükəsizliyimiz üçün həyati vacib əhəmiyyət kəsb edir.

Ümummilli liderimiz Heydər Əliyev Naxçıvan kontekstində Azərbaycanın ərazi bütövlüyünün və muxtariyyət statusunun qorunub saxlanılmasında Qars müqaviləsinin əhəmiyyətini daim yüksək qiymətləndirmişdir: “Naxçıvan Azərbaycanın əsas torpağından ayrı düşdüyünə görə Naxçıvanın bütövlüyünü, təhlükəsizliyini, dövlətçiliyini, muxtariyyətini gələcəkdə də təmin etmək üçün Qars müqaviləsi bizim üçün çox böyük, əvəzi olmayan sənəddir”.
Naxçıvan Muxtar Respublikasının həyatında dünən olduğu kimi, bu gün də böyük problemlər, çətinliklər var.
Burada kompleks olaraq, dövrün tələbinə uyğun yeniləşmə labüddür və qaçılmazdır.

Mərkəzi və yerli idarəetmənin təkmilləşdirilməsi və modernizasiyası isə konstitusion məsələ və siyasi qərardır.
Təbii ki, bütün bunlar arzu və istəklərin fövqündə dayanır, uzun illərin duasının çin olmasıdır.

Bu xüsusda, səsvermə keçirilsə, cəmiyyət Naxçıvanın muxtariyyətinin yaşı qədər - 99 faiz lehinə səs verər. Əgər mövcud səslər real statistikaya uyğun düzgün hesablansa…

Belə ki, Azərbaycan Respublikasının Konstitutsiyasınının VIII fəsili Naxçıvan Muxtar Respublikası adlanır. Ana Qanunun 134-cü Maddəsində Naxçıvan Muxtar Respublikasının statusu belə təsbit olunur:
“I. Naxçıvan Muxtar Respublikası Azərbaycan Respublikasının tərkibində muxtar dövlətdir.”.

Bir sözlə, Naxçıvan dövlət muxtariyyəti və onun hüquqi statusu ictimai hadisə deyil!
Bu milli-mənəvi dəyər, tarixi missiya və sosial məsuliyyətdir.

Təsadüfi deyil ki, Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinə həsr olunmuş təntənəli mərasimdəki geniş nitqində belə söyləmişdir:

“Naxçıvan qədim Azərbaycan torpağıdır. Naxçıvanda tarixi abidələr, dini abidələr, memarlıq abidələri, bütün toponimlər Azərbaycan xalqına məxsusdur. Əsrlər boyu Azərbaycan xalqı bu gözəl diyarda yaşamış, yaratmışdır.
Naxçıvanın, eyni zamanda, qədim dövlətçilik tarixi vardır. Qədim Atabəylər dövlətinin mərkəzi Naxçıvan idi. Təsadüfi deyil ki, Naxçıvana 90 il bundan əvvəl Azərbaycanın tərkibində muxtariyyət statusu verilmişdir. Bu, gözəl hadisə idi, tarixi hadisə idi. Naxçıvanın rolunu, bu diyarın strateji əhəmiyyətini əks etdirən bir qərar idi“.

O zaman, yaranmış tarixi şəraitin yaratdığı fəsadlara görə dövlət müstəqilliyinin ilk illərində ölkədə baş verən qeyri-müəyyən vəziyyət, ictima-siyasi proseslər və sosial-iqtisadi kollapsla əlaqədar Naxçıvan Muxtar Respublikasının Bakı şəhərində Daimi Nümayəndəliyi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 1992-ci il 24 fevral tarixli 139-XII nömrəli qərarı ilə yaradılmışdır.

Əvvəllər, Naxçıvan sakinlərinə sivil və rahat xidmət göstərilməsi məqsədilə Bakının mərkəzindəki bir binada ayrılmışdır. Bu münasibət Naxçıvan diyarına olan xüsusi hörmət və ehtiramı əks etdirirdi. Bakının mərkəzində yer verilməsi Prestiji, Naxçıvan sakinlərinə rahat xidməti əks etdirirdi.

Bu xüsusda, Azərbaycan üçün əzəli və əbədi olan, milli-ərazi və geosiyasi səciyyə daşıyan Naxçıvana və onun muxtariyyət statusuna toxunmaq olmaz. Bu Vətənə xəyanət deməkdir.

Bununla,
1. Azərbaycanın Türkiyə ilə yeganə sərhədinin olması;
2. Azərbaycanın müstəqil dövlətlərindən olan Atabəylərin paytaxtı olması (Bütövlükdə Azərbaycanın-Cənub və Şimalın daxil olduğu - Nizam Gəncəvinin yetişdiyi bir dövlətin qurulduğu yer):
3. «Azərbaycan» və “azərbaycanləlar” adlarını ilk dəfə ictimai müzakirələrə çıxaran Məhəmməd Şahtaxtlının burada doğulması;
4.Azərbaycanın görkəmli dövlət xadimi, ümummilli liderin burada doğulması;
5. Dünya azərbaycanlılarının həmrəylik - Sərhəd hərakatının burada başlanılması və milli dirçəlişin simvolları - dövlət atributlarının burada qəbul olunması.
Bütün bunlara görə müqəddəs yurd yerimizin, el-obamızın tarixi və hüquqi statusu milli dövlətçiliyimizin beşiyi kimi qorunub-saxlanılmalıdır.

Yəhya Babanlı,
Tarix üzrə fəlsəfə doktoru,
Diaspor məsələləri üzrə ekspert
Xəbəri paylaş