Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan-Özbəkistan münasibətləri həmişə nümunə olub

Azərbaycan-Özbəkistan münasibətləri həmişə nümunə olub


Azərbaycan və Özbək xalqlarının dostluğu qədim tarixi köklərə bağlı olduğu qədər də dərin və əhatəlidir.Cənubi Qafqazda, Mərkəzi və Orta Asiya ölkələri ilə siyasi, iqtisadi və bir çox sahələr üzrə əməkdaşlıq əlaqələrinə malik Azərbaycan - Özbəkistan münasibətləri son illər yüksələn xətlə inkişaf edir.44 günlük Vətən müharibəsi zamanı işğalçı Ermənistanın ədalətsiz mövqeyini pisləyən, Azərbaycanın ərazi bütövlüyünə qətiyyətli və birmənalı dəstəkləyən ölkələr sırasında ön yerdə olanlardan biri də Özbəkistan idi. Öz talelərinə sahib olmuş bu iki türk ölkəsi 30 ildən artıqdır ki, həyatın bütün sahələrində sıx əlaqə və əməkdaşlıq imkanlarını davamlı olaraq axtarır, tapır və işə salır. Türkdilli dövlətlərin birliyinin təşəkkülü isə bu ikitərəfli prosesə çoxyönlülük və mükəmməllik gətirir.

Türkiyə başda olmaqla, digər türk dövlətləri də Türk Şurasının timsalında ərazi bütövlüyü uğrunda apardığımız 44 günlük Vətən müharibəsində bizi dəstəklədilər. Təsadüfi deyil ki, elə müharibənin ilk günlərində (28 sentyabr 2020-ci il tarixində) Türk Dövlətləri Təşkilatının Qazaxıstandan olan baş katibi Bağdad Amreyevin adından Azərbaycanı dəstəkləyən bəyanat yayıldı.

Səmərqənddə tarixi Zirvə

Azərbaycanın Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanının Türk Dövlətləri Təşkilatının IX Zirvə görüşündə iştirak etmək üçün noyabrın 10-da Özbəkistan Respublikasına səfəri türkdilli dövlətlər arasındakı dostluq və qardaşlığın tarixi özülü ilə yanaşı, son illərdə əhatə etdiyi hüdudları da gözlərimiz qarşısında yenidən canlandırdı.
Ümummilli Lider Heydər Əliyevin türkdilli dövlətlərlə əməkdaşlığın ən yüksək səviyyəyə çatdırılması siyasətini uğurla davam etdirən Prezident İlham Əliyev Özbəkistanın Baş naziri Abdulla Aripov və digər rəsmi şəxslər tərəfindən böyük hörmət və ehtiramla, qarşılandı.

Görüş zamanı Böyük Qələbə - 8 Noyabr günü münasibətilə dövlətimizin başçısını təbrik edən Özbəkistan Prezidenti Şavkat Mirziyoyev “...yaxın dostlarınız kimi, biz də Azərbaycanın Zəfərini bayram etmişik”,- deyə bildirib.
Azərbaycan öz ərazi bütövlüyünü bərpa edərkən özbək xalqının və Özbəkistan Prezidentinin Azərbaycana göstərdiyi dəstəyi xüsusi qeyd edən Prezident İlham Əliyev bildirdi ki, azərbaycanlılar bunu çox yaxşı bilir, qardaşlıq münasibətini xatırlayır və yüksək qiymətləndirirlər.

Görüşdə, həmçinin ölkələrimiz arasında iqtisadi-ticari münasibətlərin inkişaf etdirilməsi məsələləri barədə fikir mübadiləsi aparıldı. Xüsusilə Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri çərçivəsində əldə olunmuş razılaşmaların icrası istiqamətində görülən işlərə toxunuldu, bu baxımdan hökumətlərarası komissiyanın fəaliyyəti qeyd olundu.

Söhbət zamanı Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşünün Səmərqənd şəhərində keçirilməsinin böyük tarixi və rəmzi məna daşıdığı vurğulandı. Xüsusən təşkilatın adının dəyişdirilməsindən sonra ilk Zirvə Görüşünün bu tarixi şəhərdə təşkil olunmasının önəmi qeyd edildi.

“Qarabağ münaqişəsi tarixdə qaldı”

Noyabrın 11-i bütün türk dünyasının birliyinin və qardaşlığının növbəti dəfə hər kəsə nümayiş etdirildiyi gün oldu. Türk Dövlətləri Təşkilatının Səmərqənddə keçirilən IX Zirvə Görüşündə Prezident İlham Əliyev çıxışına son 7 ayda üçüncü dəfə qardaş Özbəkistana səfər etdiyini, Türk Dövlətləri Təşkilatına üzv ölkələrlə əlaqələrin bütün sahələrdə möhkəmləndirilməsini Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biri kimi qiymətləndirərək, “Azərbaycan həmişə türk dünyasının sıx birləşməsinə öz töhfəsini verib və bundan sonra da türk dünyasının birliyi amallarına sadiq qalacaq. 2009-cu ildə Naxçıvan Zirvə Görüşündən başlayaraq təşkilatımız böyük inkişaf yolu keçmişdir” bildirdi.
Cənab Prezident bütün beynəlxalq çıxışlarında olduğu kimi, bir daha Qarabağ münaqişəsinin həllinə toxunaraq vurğuladı ki,”Ermənistan dünya ictimai rəyini çaşdırmaq üçün əsassız olaraq Azərbaycanı hərbi təcavüzdə günahlandırmağa çalışır. Bu əsassız iddiaları qəti şəkildə rədd edirik. Biz öz torpaqlarımızda vuruşmuşuq və Ermənistan ordusunu məğlub edərək onları əzəli torpaqlarımızdan qovmuşuq. Biz, bu gün də Azərbaycan-Ermənistan sərhədi istiqamətində öz doğma torpaqlarımızdayıq”.

Ermənistanın işğal zamanı ərazilərimizdə bir milyondan çox mina basdırdığını xatırladan dövlətimizin başçısı bildirib ki, Vətən müharibəsindən ötən iki il ərzində 270-ə yaxın Azərbaycan vətəndaşı mina partlayışları zamanı həlak olub və ya ağır yaralanıb.

Oktyabr ayında Praqada və Soçidə qəbul edilmiş birgə bəyanatlarda Azərbaycanın və Ermənistanın bir-birinin ərazi bütövlüyünü və suverenliyini rəsmən tanıdıqlarını diqqətə çatdıran İlham Əliyev “Bu, bir daha onu göstərir ki, Qarabağ münaqişəsi tarixdə qaldı”,-deyə bildirib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın azad olunmuş torpaqlara üç dəfə səfər etdiyini, Şuşada, Füzulidə, Zəngilanda və Cəbrayılda olduğunu Zirvə iştirakçılarının diqqətinə çatdıran Prezident İlham Əliyev digər türk dövlətlərinin başçılarını da Qarabağa və Şərqi Zəngəzura dəvət edib. İşğaldan azad edilmiş Füzuli rayonunda Özbəkistan tərəfindən tikiləcək məktəbə və Qazaxıstanın inşa etdirəcəyi Yaradıcılıq Mərkəzinə görə, Özbəkistan Prezidenti Şavkat Mirziyoyevə və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə minnətdarlığımı bildirən Prezident, bütün bunların Azərbaycan-özbək və Azərbaycan-qazax xalqları arasında olan qardaşlığın təzahürü kimi qiymətləndirib.

Çıxışının sonunda İlham Əliyev Türk Dövlətləri Təşkilatının Baş katibi Bağdad Amreyevin fəaliyyətini yüksək qiymətləndiyini, Türk dünyasının birliyinə verdiyi töhfə və xidmətlərini nəzərə alaraq oktyabr ayının 21-də Bağdad Amreyevə Azərbaycanın yüksək dövlət mükafatı olan “Dostluq” ordeni ilə təltif edilməsini Zirvə görüşü iştirakçılarının nəzərinə çatdırdı: ”Bir daha qeyd etmək istəyirəm ki, biz Özbəkistanı bu Zirvə görüşünün yüksək səviyyədə təşkilinə görə təbrik edirik, türk dünyası xalqlarına sülh, rifah, xoşbəxtlik arzulayırıq. Sağ olun” .

Türk dövlətləri arasında əlaqələr möhkəmlənir

Bu gün Azərbaycan bütün beynəlxalq platformada etibarlı tərəfdaş kimi tanınır.Dünyanın bir sıra dövlətlərinin başçılarının, beynəlxalq nüfuzlu təşkilatların rəhbərlərinin, tanınmış ictimai-siyasi və dövlət xadimlərinin Azərbaycan Prezidentinə olan etibarı,etimadı və nüfuzu ildən-ilə daha da artır. Dövlət başçımızın həyata keçirdiyi daxili və xarici siyasətin nəticəsidir ki, Azərbaycana beynəlxalq məkanda hər zaman əməkdaşlıq üçün önəmli tərəfdaş kimi baxılıb. Son otuz il ərzində Azərbaycan beynəlxalq təşkilatlar çərçivəsində fəal siyasət həyata keçirib və bu gün də davam edir. Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycan Prezidentinin qardaş ölkəyə səfəri, IX Zirvə görüşündə iştirakı İlham Əliyevin qlobal və regional nüfuzunun əyani təzahürüdür.

Həm əvvəlki, həm 44 günlük Vətən müharibəsi dövründə, həm də işğaldan azad edilən ərazilərimizdə bərpa-quruculuq işlərinin aparıldığı indiki zamanda Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin sərgilədikləri birlik, bərabərlik, qətiyyət dünyaya bir mesajdır.

Aygül Bağırova
AJB üzvü
Xəbəri paylaş