Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Jalə Əhmədova: “Müstəqil dövlətimizin ilk Konstitusiyası müasir Azərbaycanda hüquqi dövlətin möhkəm təməlini yaratdı”

Jalə Əhmədova: “Müstəqil dövlətimizin ilk Konstitusiyası müasir Azərbaycanda hüquqi dövlətin möhkəm təməlini yaratdı”


"1995-ci il noyabrın 12-də qəbul olunmuş müstəqil dövlətimizin ilk Konstitusiyası Azərbaycanda dövlət quruculuğu prosesinə yeni təkan verdi. Ulu Öndər Heydər Əliyevin rəhbərlik etdiyi komissiyada hazırlanmış Konstitusiya layihəsi 1995-ci il noyabrın 12-də referendumda - ümumxalq səsverməsində qəbul edilərək, noyabrın 27-də qüvvəyə mindi. Konstitusiyamızın milli dövlətçilik tarixindəki müstəsna əhəmiyyəti nəzərə alınaraq, Ümummilli Lider Heydər Əliyevin 1996-cı il 1 noyabr tarixli Fərmanına əsasən, hər il noyabrın 12-si Konstitusiya Günü kimi qeyd edilir".

Newscenter.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Jalə Əhmədova səsləndirib. Millət vəkili bildirib ki, yeni Konstitusiyamızın qəbulu ilə ölkəmizdə demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinin qanunvericilik bazası yarandı və hakimiyyət bölgüsünün əsas prinsipləri müəyyənləşdirildi. Konstitusiyada insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanları üçün əsas vəzifə olaraq müəyyənləşdirildi:

"Azərbaycan Respublikasının Konstitusiyası qəbul edilərkən ölkəmizin hüquq sistemi üçün yeni bir təsisatın – konstitusiya ədalət mühakiməsi orqanının yaradılması nəzərdə tutulmuşdu. Bu gün Azərbaycanda uğurla fəaliyyət göstərən Konstitusiya Məhkəməsinin məhkəmə sistemimizdə mühüm rolu və yeri var".

Jalə Əhmədovanın sözlərinə görə, konstitusiyamızın ən mütərəqqi xüsusiyyətlərindən biri isə bu sənədin 48 maddəsinin bilavasitə insan hüquqlarına və onların təminatlarına həsr edilməsidir:

"Ana qanunumuzun insan hüquq və azadlıqlarını təsbit edən üçüncü fəsli bir çox beynəlxalq hüquqi sənədlər əsasında hazırlanıb. Bu gün əminliklə deyə bilərik ki, universal dəyərlərə əsaslanan və bir çox mütərəqqi amilləri özündə ehtiva edən Konstitusiyamız Azərbaycan dövlətinin bundan sonra daha da inkişaf etməsində öz əvəzsiz rolunu oynamada davam edəcəkdir".

Ruhiyyə
Xəbəri paylaş