Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türk Dövlətləri Təşkilatının Özbəkistanın Səmərqənd şəhərində keçirilən IX Zirvə Görüşündə çıxışı etdi. Çıxışı zamanı ölkə prezidenti türk dövlət başçılarını Qarabağa və Şərqi Zəngəzura dəvət etdi.
Görünən odur ki, prezidentin bu məsələdə əsas prioriteti dövlət başçılarının Qarabağa səfərlərinin təşkilidir. Buna görə də ölkə başçısı Səmərqənddə keçirilən IX Zirvə görüşündə türk dövlət başçılarını Qarabağa dəvət etdi. Çıxışı zamanı İlham Əliyev xüsusilə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın azad olunmuş torpaqlara üç dəfə səfər etdiyini, Şuşada, Füzulidə, Zəngilanda və Cəbrayılda olduğunu vurğuladı. Prezidentin bu xatırlatması digər türk dövlət başçılarının da Qarabağa, həmçinin Şərqi Zəngəzura rahatlıqla gələ biləcəyinə bir mesaj idi.
Eyni zamanda Prezident İlham Əliyev Zirvə Görüşündə Cənubi Azərbaycanla bağlı konkret mesajlar da verdi. Ölkə başçısı türk dünyasında gənc nəslin yaşadıqları ölkələrin məktəblərində öz ana dilində təhsil almaq imkanlarının olmalı olduğunu qeyd etdi. Bildiyimiz kimi Azərbaycan dövlətinin hüdudlarından kənarda yaşayan 40 milyon azərbaycanlının əksəriyyəti bu imkanlardan məhrumdur.
Aydın məsələdir ki, ölkə başçısı “40 milyon azərbaycanlı” deyərkən konkret İranda yaşayan və onların əhatəsində olan cənubi azərbaycanlıları nəzərdə tutdu. Faktiki olaraq 40 milyon cənubi azərbaycanlı bu gün öz ana dilində təhsil ala bilmir. Amma İranda yaşayan ermənilərin ana dilində məktəbi var. Bu da heç qəbul olunan məsələ deyil.
Könül İsmayılova-Nizami Rayon İcra Hakimiyyətinin məsul işçisi, MMP-nın Siyasi Şurasının və İdarə Heyətinin üzvü