Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Sabirabadda “Milli dövlətçiliyimizin möhkəmlənməsində milli-mənəvi dəyərlərimizin rolu” mövzusunda konfrans keçirilib

Sabirabadda “Milli dövlətçiliyimizin möhkəmlənməsində milli-mənəvi dəyərlərimizin rolu” mövzusunda konfrans keçirilib


Noyabrın 11-də Azərbaycan Respublikasının Baş Prokurorluğu, Daxili İşlər Nazirliyi (DİN), Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK), Dövlət Təhlükəsizliyi Xidməti (DTX) və Sabirabad Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə “Milli dövlətçiliyimizin möhkəmlənməsində milli-mənəvi dəyərlərimizin rolu” mövzusunda konfrans keçirilib.

Newscenter.az xəbər verir ki, konfransdan əvvəl Ulu Öndər Heydər Əliyevin Sabirabad şəhərindəki abidəsi ziyarət edilib.

Tədbirdə təşkilatçı qurumların rəsmi şəxsləri, dini icma sədrləri və din xadimləri, eləcə də rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Konfransı giriş sözü ilə açan Sabirabad Rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Həsən Həsənov mövzunun əhəmiyyətindən bəhs edərək, mənəvi dəyərlərimizin bizim bir xalq olaraq formalaşmağımıza böyük təsir göstərməsindən, milli dövlətçiliyimizin möhkəmləndirilməsində xüsusi rol oynamasından danışıb.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Sahib Nağıyev müasir dövrdə dünyanın sürətlə qloballaşmasının fərdlərin və cəmiyyətlərin həyatına böyük təsir göstərməsinə diqqət çəkib. Bildirib ki, fərqli mədəniyyətlər arasında ortaq təmas nöqtələrinin tapılması, dialoqa nail olunması, informasiya və kommunikasiya texnologiyalarının sürətli inkişafı bir tərəfdən müsbət dəyişikliklərə səbəb olsa da, digər tərəfdən milli-mənəvi dəyərlər sistemini təhlükə altına atır. Bu dəyişikliklərə nəzarət olunmaması, laqeyd yanaşılması bir çox problemlərin ortaya çıxmasına, dini radikal meyillərin yaranmasına, xüsusilə gənclərin qeyri-ənənəvi cərəyanların təsir dairəsinə düşməsinə, milli-mənəvi dəyərlərin deqradasiyasına gətirib çıxara bilər. S.Nağıyev vurğulayıb ki, bu kimi mənfi tendensiyaların qarşısının alınmasında milli-mənəvi dəyərlərimizi qorumaq və təbliğ etmək mühüm addım hesab olunur. Komitə rəsmisi, həmçinin Prezident İlham Əliyevin rəhbərliyi ilə milli dövlətçiliyimizin möhkəmləndirilməsi sahəsində həyata keçirilən siyasət, atılan addımlar və qarşıya qoyulan prioritet məsələlərə toxunub.

Baş Prokurorluğun idarə rəisinin müavini, ədliyyə müşaviri Asim Yusifov, Daxili İşlər Nazirliyinin şöbə rəisi Oqtay Tağıyev və Dövlət Təhlükəsizliyi Xidmətinin nümayəndəsi çıxışlarında dövlətçilik ideologiyası, onun əsas istiqamətləri olan milli-mənəvi və tarixi dəyərlərimizin qorunmasının xüsusi diqqət mərkəzində saxlanılması və görülən işlərin mühüm əhəmiyyət kəsb etməsindən danışıblar.

Tədbir müzakirələrlə yekunlaşıb.
Xəbəri paylaş