Oktyabrın 31-də Soçidə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevlə , Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş keçirilib.
Cənab Prezident İlham Əliyevin bu görüşdə irəli sürdüyü fikirlər Azərbaycanın suveren hüquqları, Zəngəzur dəhlizi və digər kommunikasiyaların açılması, eləcə də sərhədlərin delimitasiyası və Rusiya sülhməramlılarının müvəqqəti müşahidəsi altında olan Azərbaycan ərazilərində yaşayan ermənilərlə bağlı mövqeyinin dəyişməyəcəyini bir daha təsdiq etdi. Dövlətimizin başçısı regiondakı dəyişən geosiyasi reallıqların ritminə uyğun olaraq pozucu davranışlar nümayiş etdirməyə çalışan bəzi dairələrin məkrli istəklərinin Azərbaycan xalqının iradəsi və maraqları qarşısında heç bir dəyərə malik olmadığını bir daha göstərdi.
Rusiya prezidenti Vladimir Putin Ermənistanın baş naziri Nikol Paşinyanla görüşündə “münaqişənin bitməsinin vacibliyindən” söz açmışdı. Cənab Prezident İlham Əliyev Rusiyanın dövlət başçısı Vladimir Putin ilə görüşündə qətiyyətlə “Qarabağ münaqişəsi artıq tarixdir” dedi və açıq şəkildə bildirdi ki, bu məsələ müzakirə mövzusu ola bilməz: "Qarabağ münaqişəsi artıq tarixdə qalıb. O, iki il bundan əvvəl həll edilib. Buna görə də bu baxımdan burada praktik olaraq müzakirə edilməli məsələ yoxdur. Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması isə əlbəttə, çox ciddi addımlar tələb edən formatdır"- deyə fikirlər bildirib. Bununla bərabər, siyasi gedişlə Vladimir Putin iki il əvvəl Qarabağın Azərbaycanın suveren ərazisi olması barədə səsləndirdiyi fikirlərin onun özünə xatırladılması, həmçinin bu müddət ərzində bütün yayındırıcı manevrlərə, gündəmin süni surətdə dəyişdirilməsinə baxmayaraq Azərbaycanın öz mövqeyindən bir addım da geri çəkilməyəcəyini bir daha təsdiqlədi.
Məlumdur ki, hələ üçtərəfli Soçi görüşü başlamazdan əvvəl Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşmasının əsasında dayanmalı olan 5 əsas prinsipi irəli sürmüşdür. Dövlətlərin bir-birlərinin suverenliyi, ərazi bütövlüyü, beynəlxalq sərhədlərinin toxunulmazlığı və siyasi müstəqilliyini qarşılıqlı şəkildə tanıması, dövlətlərin bir-birlərinə qarşı ərazi iddialarının olmamasının qarşılıqlı təsdiqi və gələcəkdə belə bir iddianın qaldırılmayacağına dair hüquqi öhdəliyin götürülməsi, dövlətlərarası münasibətlərdə bir-birlərinin təhlükəsizliyinə hədə törətməkdən, siyasi müstəqillik və ərazi bütövlüyünə qarşı hədə və gücdən istifadə etməkdən, habelə BMT Nizamnaməsinin məqsədlərinə uyğun olmayan digər hallardan çəkinmək, dövlət sərhədinin delimitasiyası və demarkasiyası, diplomatik münasibətlərin qurulması, nəqliyyat və kommunikasiyaların açılışı, digər müvafiq kommunikasiyaların qurulması və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın qurulması bu prinsiplərin əsasını təşkil etdi.
İki dövlət məhz bu baza prinsipləri əsasında intensiv, substantiv və nəticəyə yönəlik danışıqlar apararaq ikitərəfli sülh sazişini yekunlaşdıra bilərlər. Bu sənəddə yazılanlar əslində, Ermənistana verilən ən sonuncu şansdır, qonşuluq şansı, mövcudolma şansıdır.
Görüşün yekunu üzrə bəyanatdan da görünür ki, Ermənistan bu görüşdə növbəti diplomatik fiaskoya uğradı. Çünki, Ermənistan tərəfinin sülh müqaviləsinin müzakirəsi zamanı sənədə əlavə etmək istədiyi, danışıqların ruhuna xələl gətirəcək addımları rədd edilib.
Ermənistanın silahlı qüvvələri tərəfindən 30 il işğal altında saxlanılan ərazilərimiz azadlığına qovuşandan sonra Azərbaycan Qarabağ iqtisadi rayonunda və Şərqi Zəngəzurda quruculuq işlərinə start verib. Zəfər yolunun, Horadiz-Ağbənd dəmir yolunun, Qarabağın qapısı adlandırılan Füzuli Hava Limanının tikintisi, Zəngilan rayonunda Ağalı “ağıllı kənd” və bir sıra infrastruktur layihəsinin həyata keçirilməsi günümüzün reallığıdır. Bəli, Azərbaycan Ermənistandan fərqli olaraq quruculuqla məşğuldur və Ermənistana da işğalçılıq, revanşizm, anti-Azərbaycan siyasətindən əl çəkməyi, sülh şəraitində yaşamağı təklif edir.
Arzu Əliyeva
YAP Pirallahı rayon təşkilatının məsləhətçisi