Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Soçi görüşündə Azərbaycanın maraqları təmin olundu

Soçi görüşündə Azərbaycanın maraqları təmin olundu


Azərbaycan regionda sülhü ən çox istəyən və buna çalışan ölkədir. Rusiya Prezidenti Vladimir Putinin təşəbbüsü ilə Soçidə təşkil olunan görüşdə aparılan müzakirələr də bunu göstərdi. Putin də razılaşmaların icrası ilə bağlı Azərbaycanın kifayət qədər fəal işlədiyini xüsusi olaraq qeyd etdi. Soçi görüşündə bir daha aydın oldu ki, Ermənistan hələ də sülh danışıqlarına hazır deyil və xüsusən də bu məsələdə özünün vahid yanaşma planı yoxdur, başqa qüvvələrin təsiri altındadır. Görüşdə bir daha bəli oldu ki, Qarabağ münaqişəsi artıq tarixdə qalıb. Prezident İlham Əliyevin də söylədiyi kimi, münaqişə iki il bundan əvvəl həll edilib.

Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına gəldikdə isə, əlbəttə, Soçi görüşü çox ciddi addımlar tələb edən formatdır. Ancaq Ermənistanın baş nazirinin Soçidəki destruktiv əməlləri göstərdi ki, bu ölkə hələ də məsələnin ciddiliyini və mahiyyətini dərk etmir. Ermənistan rəhbərliyi Azərbaycanın maraqlarına zidd təkliflərin heç birinin müzakirə olunmayacağını hələ də anlamır. Azərbaycan Ermənistana növbəti dəfə öhdəliklərini xatırlatdı. İrəvan pozucu fəaliyyətdən əl çəkərək, regionda davamlı və uzunmüddətli sülhə nail olmaq məqsədilə sülh müqaviləsi bağlanmasına fəal hazırlaşmalıdır. Tərəflər arasında ictimaiyyətin, ekspert birliklərinin nümayəndələri və dini liderlər arasında Rusiyanın köməyi ilə dialoqu davam etdirmək, həmçinin iki ölkənin xalqları arasında etimadı möhkəmlətmək məqsədilə üçtərəfli parlamentlərarası əlaqələrin cəlb edilməsi üçün müsbət ab-hava formalaşmasına dair razılıq da sülhə yaxınlaşmaq üçün olduqca vacibdir. Bir şərtlə ki, Ermənistan bu razılaşlamaları icra etsin, manipulyasiyalardan uzaq dursun.

Ermənistanın baş naziri Paşinyan 2021-ci ilin may ayında sərhədini pozduğunu iddia edərək, görüşün yekunlarına dair Bəyanata bundan əvvəlki status-kvonun bərpa olunmasının salınmasını istəyib. Həm də, sentyabrın 13-14-də sərhəddə baş verənlərin də Bəyanatda əksini tapmasına çalışıb. Lakin onun bütün cəhdləri boşa çıxıb. Paşinyan yekun sənədin qəbul olunmasının bloklanmasına da cəhd göstərib. Bütün görüşlərdə olduğu kimi, budəfəki görüşdə də Azərbaycanın maraqları təmin olundu və Ermənistan rəhbərliyinin pozucu təklifləri rədd edildi. Soçi bəyanatında da Qarabağla bağlı bir kəlmə belə xatırlanmadı. Həmçinin, Azərbaycan və Ermənistan arasında bütün problemli məsələlərin yalnız BMT Nizamnaməsi və 1991-ci il Alma-Ata Bəyannaməsinə əsasən, bir-birinin ərazi bütövlüyünün və suverenliyinin qarşılıqlı tanınması əsasında həlli razılaşdırıldı.

Azərbaycan Ermənistana sülh bağlamaq üçün təkliflər irəli sürərkən Ermənistan sülhdən boyun qaçırır, kənarda özünə dəstək axtarır və ATƏT-in Minsk qrupunu yenidən prosesə qatçmağa çalışır. Halbuki ATƏT-in Minsk qrupu 27 il ərzində vəzifəsinin öhdəsindən gələ bilmədi, tərəfləri sülh masasına əyləşdirmək, münaqişəni həll etmək əvəzinə, sadəcə vaxtı uzatmağa, prosesin həllini dondurmağa, ya da ən yaxşı halda torpaqları Ermənistan tərəfindən işğal edilmiş Azərbaycanı güzəştlərə razı salmaq üçün ermənilərə “ayı xidməti” göstərməyə çalışdı.

Bundan başqa, Paşinyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) iclasının çağırmaqla istəklərinə nail olmağa can atdı.Amma unutdu ki, bu quruma üzv olan dövlətlərin əksəriyyəti ilə Azərbaycanın xoş münasibəti var. Bunu Belarus Prezidenti Lukaşenka açıq məktubla bildirdi. Paşinyanın qoyduğu məsələlərə də ironik yanaşdı. Bütün bu olanların fonunda Azərbaycan təbii ki, görüşdə öz haqlı mövqelərini bir daha böyük inamla müdafiə etmiş oldu.
İndiyədək Azərbaycan və Ermənistan liderləri arasında keçirilən danışıqlar formatından və yerindən asılı olmayaraq ölkəmizin təqdim etdiyi 5 baza prinsipi əsasında aparılıb. Bu prinsiplər beynəlxalq normalara, BMT Nizamnaməsinə uyğundur və danışıqlar masasında oturan heç bir tərəf bu prinsiplərin əksini Azərbaycandan tələb edə bilməz. Soçidə keçirilən üçtərəfli görüşü də Azərbaycanın regionda davamlı yaratmaq təklifi üzərində quruldu. Görüşün yekun bəyanatında qeyd olunan məsələlər ondan əvvəl razılaşdırılmış məsələlərin icrasının sürətlənməsinə töhfə verəcəkdir.
Bu görüşdə əsasən 3 məsələ razılaşdırıldı. Birincisi BMT Nizamnaməsinə və 1991-ci il Alma-Ata Bəyannaməsinə uyğun olaraq suverenliyin, ərazi bütövlüyünün və sərhədlərin toxunulmazlığının qarşılıqlı tanınması əsasında sərhədlərin delimitasiyası və demarkasiyası prosesinin sürətləndirilməsi və ilin sonuna qədər konkret nəticələrə imza atmağı ilə bağlıdır. Əlbəttə, ölkəmiz delimitasiya və demarkasiya prosesinin tezləşdirilməsinin tərəfdarıdır. Çünki bu proses bir çox mübahisəli məsələlərin həllinə gətirməklə Ermənistanla sülh müqaviləsinin imzalanmasına yol açacaq. İkinci razılaşma humanitar məsələlərlə bağlıdır. Belə ki, görüşdə Azərbaycanla Ermənistan arasında ictimaiyyətin, ekspert birliklərinin nümayəndələri və dini liderlər arasında Rusiyanın köməyi ilə dialoqu davam etdirmək, həmçinin iki ölkənin xalqları arasında etimadı möhkəmlətmək məqsədilə üçtərəfli parlamentlərarası əlaqələrin cəlb edilməsi üçün müsbət ab-hava formalaşmasının vacibliyi qeyd olundu.

Əsas məsələlərdən biri də kommunikasiyaların açılmasıdır. Ermənistan ilk növbədə 10 noyabrda imzalanmış üçtərəfli bəyanatda göstərildiyi kimi Şərqi Zəngəzurla Naxçıvanı birləşdirəcək dəhlizlə Azərbaycan vətəndaşlarının maneəsiz keçidini təmin etməlidir. Növbəti mərhələdə isə ölkələrimiz arası bütün kommunikasiyalar açılmalıdır. Zəngəzur dəhlizinin digər açılacaq kommunikasiyalardan fərqli statusu olmalıdır. Bu status onu özündə ehtiva edir ki, bütün sərnişinlər, avtomobil və dəmir yolu ilə hərəkət edən nəqliyyat vasitələri Naxçıvana maneəsiz keçməlidirlər. Qeyd edək ki, Rusiya Azərbaycanla Ermənistan arasında mübahisələrin ədalətli həllinə, o cümlədən Cənubi Qafqazda sülh və sabitliyin möhkəmlənməsinə töhfə verməsinə hazır olduğunu bir daha bildirdi. Soçidəki üçtərəfli görüşdə də bu məsələ ətrafında fikir mübadiləsi aparıldı və bildirildi ki, regionun gələcəyi davamlı sülhün üzərində qurulmalıdır və bunun alternativi yoxdur.

Aliyə Orucova
YAP Pirallahı rayon təşkilatı Aparatının məsul əməkdaşı
Xəbəri paylaş