“Prezident İlham Əliyev son 7 ayda üç dəfə Özbəkistana səfər edib: aprel ayında dövlət səfəri, sentyabr ayında Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Zirvə Görüşü və noyabrda Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşü. Səfərlər zamanı aparılan müzakirələr onu göstərir ki, Azərbaycan-Özbəkistan əlaqələri daha da yüksək səviyyəyə qalxmışdır”.
Newscenter.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Kəmaləddin Qafarov səsləndirib.
K.Qafarov Türk Dövlətləri Təşkilatına üzv ölkələrlə əlaqələrin bütün sahələrdə möhkəmləndirilməsinin Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biri olduğunu demişdir: “Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycan həmişə türk dünyasının sıx birləşməsinə öz töhfəsini verib və bundan sonra da türk dünyasının birliyi amallarına sadiq qalacaq. 2009-cu ildə Naxçıvan Zirvə Görüşündən başlayaraq Türk Dövlətləri Təşkilatı böyük inkişaf yolu keçmişdir. Türk dünyası 200 milyondan çox insanın yaşadığı geniş bir coğrafiyanı əhatə edir və böyük iqtisadi potensiala, enerji resurslarına, nəqliyyat yollarına və müasir hərbi imkanlara malikdir. Böyük ailə olan Türk dünyası sözügedən ölkələrin milli maraqlarını nəzərə alaraq bundan sonra da qarşılıqlı dəstək və həmrəylik göstərməlidir. Siyasi, iqtisadi, ticari, mədəni, nəqliyyat, energetika, rəqəmsal transformasiya, kənd təsərrüfatı, turizm sahələri ilə yanaşı, təhlükəsizlik, müdafiə, müdafiə sənayesi kimi sahələrdə də əməkdaşlığımızı fəallaşdırmalıyıq”.
Deputat dövlətimizin başçısının Azərbaycan dövlətinin hüdudlarından kənarda yaşayan 40 milyon azərbaycanlının hüquqlarının və təhlükəsizliyinin təmin olunmasını Zirvə Görüşündə gündəmə gətirməsini alqışlayıb:
“Cənab Prezidentin söylədiyi kimi, Türk dünyası təkcə müstəqil türk dövlətlərindən ibarət deyil, onun coğrafi sərhədləri daha genişdir. Türk Dövlətləri Təşkilatının üzvləri olan ölkələrdən kənarda yaşayan soydaşlarımızın hüquqlarının, təhlükəsizliyinin, milli kimliyinin qorunması, onların assimilyasiyaya uğramaması kimi məsələləri artıq təşkilat çərçivəsində daimi əsasda diqqətdə saxlamağın vaxtı gəlib çatmışdır. Gənc nəslin yaşadığı digər ölkələrdə məktəblərdə öz ana dilində təhsil almaq imkanı olmalıdır. Əfsuslar olsun ki, Azərbaycan dövlətinin hüdudlarından kənarda yaşayan 40 milyon azərbaycanlının əksəriyyəti bu imkanlardan məhrumdur. Türk dövlətlərindən kənarda yaşayan soydaşlarımızın öz ana dilində təhsil almaları təşkilatın daim gündəliyində olmalıdır. Azərbaycan dövləti xarici ölkələrdə yaşayan azərbaycanlıların hüquq və azadlığının, təhlükəsizliyinin təmin edilməsinə xüsusi diqqət yetirir. Biz acı taleyin hökmü ilə Azərbaycan dövlətindən ayrı düşmüş soydaşlarımızın dilimizi, ənənələrimizi, mədəniyyətimizi qoruyub saxlamaları, azərbaycançılıq ideyalarına sadiq olmaları, öz tarixi Vətənləri ilə əlaqələrin heç vaxt kəsilməməsi üçün fəaliyyətimizi davam etdirəcəyik. Bu, o deməkdir ki, Azərbaycan dövləti bütün dünya azərbaycanlılarının hüquq və təhlükəsizliyinin təminatı istiqamətində səyləri daim diqqət mərkəzində saxlayır.”
Ruhiyyə Mehdiyeva