Noyabrın 13-ü axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Kəlbəcər rayonu ərazisində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Bundan başqa, noyabrın 14-ü saat 04:00-da Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Xocavənd rayonu istiqamətində yerləşən mövqeləri atəşə tutulub. Azərbaycan Ordusunun bu istiqamətlərdə yerləşən bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb. Ermənistan xarici işlər naziri Aratat Mirzoyanın Fransaya səfərindən sonra təxribatların təkrarlanacağı gözlənilən idi. Çünki rəsmi Paris Cənubi Qafqaz məsələsində heç vaxt konstruktiv mövqe sərgiləməyib. Əksinə, Fransa regiondakı ziddiyyətdə maraqlıdır. Elə buna görə Paris İrəvandan maşa kimi istifadə edir.
Bu fikirləri Newscenter.az-a səsləndirən siyasi ekspert Kənan Novruzov deyib ki, Ermənistan zaman-zaman Fransa və digər havadarlarının dəstəyini hiss edir. Beləliklə, destruktiv regional xarici siyasətini davam etdirir. Prezident İlham Əliyev bir neçə gün öncə Ermənistana verdiyi mesajda da məhz buna işarə vurmuşdu. Dövlət başçısı söyləmişdi ki, Ermənistan üçüncü tərəflərə güvənməsin:
"Ermənistan baş naziri Nikol Paşinyan Azərbaycanın diktə etdiyi yeni reallıqları qəbul edir. Bunu onun və komandasının müxtəlif vaxtlarda verdiyi açıqlamalar təsdiqləyir. Lakin hökumət başçısı həm də yekun sülh müqaviləsi üçün vaxtın uzanmasına, Rusiya ilə Ukrayna arasında savaşın başa çatmasını gözləyir. Belə bir vaxtda üçüncü güclərin, o cümlədən Parisin mövqeyi İrəvan üçün “nəfəslik” rolunu oynayır. Deməli, Ermənistan hələ “dalanda” olduğunu anlamır. Elə bilir ki, alternativləri var. Heç bir başqa yolunun olmadığını anlaması üçün isə İrəvana təzyiqlər artırılmalıdır".
Kənan Novruzov hesab edir ki, rəsmi Bakı İrəvanın hərbi və siyasi müstəvidəki sabotaj cəhdlərinə adekvat cavab verməlidir. Beləliklə, Ermənistan “küncə sıxışdırılmalıdır”.
"Azərbaycanın Ermənistanın havadarları, o cümlədən Fransa ilə normal münasibəti var. Paris və digər Qərb dövlətləri Bakı ilə münasibətlərə xüsusi önəm verirlər. Çünki Azərbaycan bu gün əsas regional oyunçudur. Qərb dövlətləri bilirlər ki, Azərbaycanın maraqlarını nəzərə almasalar, onların regiondakı mövcudluqları xeyli çətinləşəcək. Üstəgəl, tərəflər arasında iqtidadi əlaqələr də nəzərə alınmalıdır. Bu mənada Qərb heç bir halda Bakı ilə əlaqələri İrəvana qurban verməz. Azərbaycan regionda “gah nala, gah mıxa vuran” Ermənistana təzyiqləri artırarsa, Qərb dövlətləri sonadək qarşı tərəfi dəstəkləməyəcəklər. Eyni İkinci Qarabağ müharibəsi vaxtı olduğu kimi, uzaqbaşı ilk mərhələdə “suları bulandırmağa” çalışacaqlar. Sonra isə reallıqları qəbul etməli olacaqlar. İkinci bir tərəfdən, beləliklə, həm də rəsmi Paris kimi dövlətlər Bakının qətiyyətini anlayacaqlar. Nəticə etibari ilə bu cür provokasiyalara son qoymaq və regional maraqlarımzın təmin olunmasından ötrü yeganə yol Ermənistanın sıxışdırılmasıdır".
Anar Əliyev