Birinci vitse-prezident Mehriban Əliyeva UNESCO-nun xoşməramlı səfiri kimi fəaliyyətinə xitam verib. Mehriban xanım Əliyevanın bu qərarı əslində UNESCO-nun Azərbaycana münasibətdə ədalətsizliyinə yerində və adekvat bir etirazdır.
Newscenter.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Aydın Hüseynov səsləndirib. Millət vəkili bildirib ki, Azərbaycanın və şəxsən Mehriban Əliyevanın UNESCO-nun fəaliyyətinə verdiyi töhfələrə baxmayaraq bu təşkilat hər zaman erməni işğalı nəticəsində Azərbaycanının mədəni irsinə dəyən zərəri görməzdən gəlib:
"İndi isə bir az daha irəli gedərək, Vətən müharibəsindən sonra Azərbaycanın guya bəzi abidələri dağıtması ilə bağlı UNESCO missiyasının göndərilməsini gündəmə gətirir. Halbuki, Azərbaycan 30 illik işğal dövründə dəfələrlə missiya göndərilməsi ilə bağlı UNESCO-ya müraciət etmişdi. Həmin müraciətləri müxtəlif bəhanələrlə cavabsız qoyan təşkilat indi əməlli başlı ermənipərəst mövqe tutur. Heç şübhəsiz ki, bunda təşkilatın hazırkı baş direktoru fransız Odri Azulayın rolu da böyükdür. Görünür xanım Azulay rəhbərlik etdiyi təşkilatın (iddia etdiyi) dəyərlərini qorumaq əvəzinə ölkəsi Fransa kimi Azərbaycana qarşı qərəz və böhtan yolunu seçib".
Aydın Hüseynov qeyd edib ki, Mehriban xanım Əliyevanın bu qərarı Azərbaycana qarşı olan ədalətsizliyə qarşı bir etiraz olmaqla yanaşı, milli maraqların müdafiəsi baxımından da qətiyyətli və vətənpərvər bir mövqedir:
"Təsadüfi deyil ki, Mehriban xanım UNESCO-nun xoşməramlı səfiri vəzifəsindən imtina etməsini məhz Vətən müharibəsi nəticəsində Ermənistanın işğalından azad edilən torpaqlarda həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işlərinə yaxından cəlb olunması ilə əlaqələndirib. Bu həm də bir mesajdır ki, Azərbaycan vətən müharibəsində öz gücü ilə ədaləti bərpa etdiyi kimi, digər məsələləri də öz gücünə həll edəcək. UNESCO-nun mövqeyindən asılı olmayaraq Ermənistan dağıdılmış, məhv edilmiş mədəni irsə görə də cavab verəcək".
Anar Əliyev