Azərbaycan və İran xarici işlər nazirlərinin telefon söhbəti münasibətlərdəki vəziyyəti normallaşdırmayacaq.
Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Elxan Şahinoğlu səsləndirib. O bildirib ki, bu 30 ildə oxşar telefon danışıqlarının, qarşılıqlı səfərlərin, görüşlərin, “dost və qardaşlıq” fikirlərinin çox şahidi olmuşuq, hətta 1990-cı illərin sonlarında iki ölkənin təhlükəsizlik xidmətləri belə bir razılığa gəlmişdilər ki, bir-birimizə qarşı kəşfiyyat işləri aparılmasın:
"Nəticə bəllidir. İranla gərginlik istəmədiyimiz halda Tehran münasibətləri qırılma nöqtəsinə gətirib çıxardıb. Münasibətlərin gərginləşməsinə Tehran rəvac verib, münasibətlərin normallaşması üçün də birinci addımı qarşı tərəf atmalıdır. Birinci növbədə Zəngəzur dəhlizi əleyhinə daima səsləndirdikləri “sərhədlərin dəyişdirilməsi qırmızı çizgimizdir” açıqlamalarına son verməli, Azərbaycan əleyhinə sərhəddə hərbi təlimlərdən imtina etməli, partlayışlarda “Azərbaycan izi” axtarmaqdan vaz keçməlidirlər. Bütün bunları edəcəklərmi? Çətin. İranda qərar verən və Azərbaycana düşmən gözüylə baxan ali dini liderin ətrafı və SEPAH generallarıdır, prezident və xarici işlər naziri sadəcə verilən qərarların icraçılarıdırlar. Ona görə də İran xarici işlər naziri telefon söhbətində azərbaycanlı həmkarına verdiyi vədi yerinə yetirə bilməyəcək".
Anar Əliyev