Noyabrın 15-də Beynəlxalq Muğam Mərkəzində Yeni Azərbaycan Partiyasının (YAP) təsis edilməsinin 30 illiyinə həsr olunmuş tədbir keçirilib.
Newscenter.az-a hakim partiyadan verilən xəbərə görə, əvvəlcə tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, Ulu Öndərin əziz xatirəsini dərin hörmət və ehtiramla anıblar.
Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin məzarı ziyarət edilib və önünə gül dəstələri düzülüb.
Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ulu öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra Yeni Azərbaycan Partiyasının 30 illik fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.
Tədbirdə çıxış edən YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev bildirib ki, Yeni Azərbaycan Partiyası Azərbaycan tarixinin son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə ölkə ziyalılarının təşəbbüsü və fəal iştirakı ilə yaranıb: “Yeni Azərbaycan Partiyasının yaradılması ilə Azərbaycanın xilasının, tərəqqi yoluna çıxmasının əsası qoyuldu. Ulu öndər Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyasının keçdiyi 30 illik şərəfli yol ölkəmizin ictimai-siyasi həyatında əhəmiyyətli rol oynamaqla yanaşı, müasir dövrdə beynəlxalq aləmdə tanınan nüfuzlu partiyalar sırasında olması dahi şəxsiyyətin uzaqgörən, müdrik siyasətinin nəticəsidir”.
YAP İdarə Heyətinin üzvü, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov qeyd edib ki, YAP xalqın mənafelərinə xidmət etmək, ölkəmizin qarşısında duran məsələləri həll etmək üçün zamanın tələblərinə uyğun olaraq zərurətdən yaranmış bir partiyadır: “Qısa müddət ərzində Yeni Azərbaycan Partiyası xalqın böyük əksəriyyətinin etimadını qazanıb və güclü təşkilatlanma ilə avanqard siyasi qüvvəyə çevrilib”.
Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Zeynalov xalqın ümummilli lider Heydər Əliyevə olan inamının tez bir zamanda siyasi səhnədə parlayan Yeni Azərbaycan Partiyasının tarixi məsuliyyəti öz üzərinə götürməsinə imkan verdiyini bildirib. Onun sözlərinə görə, Ümummilli Liderimizin nüfuzu, Azərbaycan xalqının ona göstərdiyi yüksək etimad Yeni Azərbaycan Partiyasının qısa müddət ərzində təşkilatlanmasına, ölkənin bütün regionlarında özəklərini yaratmasına və 1993-cü ildə hakimiyyətə gəlməsinə şərait yaratdı.
Tədbirdə çıxış edən YAP Veteranlar Şurasının üzvü, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru Urxan Ələkbərov ölkəmizin belə yüksək inkişaf tempi ilə irəliləməsində hakim Yeni Azərbaycan Partiyasının rolundan danışıb. Vurğulayıb ki, xalqın partiyası kimi tanınan Yeni Azərbaycan Partiyası artıq 30 ildir ki, respublikamızın ictimai-siyasi həyatında fəal iştirak edir, xalqın sevgisini və dəstəyini qazanır, ölkədə sabitliyin təminatında avanqard rolunu davam etdirir.
Milli Məclisin deputatı Nigar Arpadarai çıxışında qeyd edib ki, son 30 ildə partiya məfkurəsinin əsasını müstəqil dövlətçilik, qanunçuluq, azərbaycançılıq, yaradıcı təkamül, vətəndaş həmrəyliyi və sosial ədalət prinsipləri təşkil edib. Bildirib ki, Heydər Əliyev dühasının Yeni Azərbaycan Partiyasının proqramında ifadəsini tapmış dövlətçilik strategiyası son 30 ildə bütün istiqamətlərdə Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanması, möhkəmləndirilməsi və inkişaf etdirilməsi prinsiplərinə söykənib.
YAP Veteranlar Şurasının üzvü, Azərbaycan Respublikası Auditorlar Palatasının sədri Vahid Novruzov bildirib ki, Yeni Azərbaycan Partiyası dünyada analoqu olmayan bir siyasi təşkilat kimi yarandığı vaxdan qısa bir müddət sonra siyasi hakimiyyətə gələrək son 30 ildə iştirak etdiyi bütün seçkiləri qalibiyyətlə başa vurub. Bu isə dünənin, bu günün, gələcəyin partiyasının təməlində yalnız xalqın sevgisinin, etimadının dayandığını bir daha sübut edir.
Tədbirdə şəhid Murad Qurbanovun anası Mehriban Qurbanova və Vətən müharibəsi qazisi, “Qalibiyyətin 8 anı” kitabının müəllifi Haşım Mədətov partiyanın bundan sonra da mühüm nailiyyətlərə imza atacağına əminliklərini ifadə edib, onlara göstərilən diqqət və qayğıya görə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya görə minnətdarlıqlarını bildiriblər.
Sonra partiyanın və rayon təşkilatının ictimai-siyasi həyatında fəal iştirakına görə bir qrup şəxsə fəxri fərman, partiyaya yeni qəbul olunmuş şəxslərə üzvlük vəsiqələri təqdim olunub.
Tədbirə bədii hissə ilə yekun vurulub.
R.Mehdiyeva