Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

YAP-ın yaranması xalqın həyatında dönüş nöqtəsi oldu

YAP-ın yaranması xalqın həyatında dönüş nöqtəsi oldu


Tarix boyu o xalqlar üzləşdikləri problemlərdən, ağır sınaqlardan üzüağ çıxıblar ki, onların dahi rəhbərləri, bütün çətinliklərdən çıxış yolu tapan, xalqı və dövləti uğurlara, qələbələrə aparan liderləri olub. Həmin liderlərin ətrafında hansısa bir cəmiyyət, təşkilat, siyasi birlik olduqda isə əldə edilən uğurlar daha da artıb. Hesab edirəm ki, Azərbaycan xalqının bu məsələdə bəxti gətirib. Azərbaycan xalqı xoşbəxt xalqdır ki, onun Heydər Əliyev kimi Ümummilli Lideri və Yeni Azərbaycan Partiyası (YAP) kimi öz liderinə, dövlətinə, xalqına sadiq partiyası var.

Newscenter.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Vüqar İskəndərov səsləndirib. Millət vəkili qeyd edib ki, noyabr ayı müasir Azərbaycanın tarixinə daha çox uğurlu və əlamətdar günlərlə zəngin ay kimi düşüb:

"Bir çox əlamətdar günlər, o cümlədən tariximizin qızıl səhifəsi olan Zəfər Günü məhz noyabr ayına təsadüf edir. Noyabr müasir Azərbaycanın tarixində həm də Yeni Azərbaycan Partiyasının yarandığı ay kimi də düşüb.
Bir neçə gündən sonra, noyabrın 21-də YAP-ın yaradılmasının 30 ili tamam olacaq. Düz 30 il əvvəl, 1992-ci il noyabrın 21-də təsis edilən YAP tarixə müstəqil Azərbaycan dövlətinin qurulmasında, ölkəmizin sabitliyi və inkişafı istiqamətində böyük uğurlara imza atan, xalqın etimadını qazanan qələbələr partiyası kimi düşüb. Azərbaycançılıq ideyasının möhkəm təməli üzərində yaranan, ümummilli lider Heydər Əliyev ideyalarının daşıyıcısı kimi ön sırada gedən partiya bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən işlərdə də yaxından iştirak edir.
30 il öncə Azərbaycan ən ağır sınaqlarından keçirdi. SSRİ-nin dağılmasından sonra yenidən dövlət müstəqilliyini əldə edən Azərbaycan bu müstəqilliyi itirmək təhlükəsi ilə baş-başa qalmışdı. Bu vəziyyətin yaranmasında həm daxili, həm də xarici faktorlar rol oynayırdı. Xarici faktorlar ondan ibarət idi ki, Azərbaycanın müstəqil olmasını istəməyən şimal və cənub qonşularımız ölkəmizi yenidən zəbt etmək üçün min bir oyunlar qururdu".

Deputat həmçinin, qeyd edib ki, bundan başqa, xaricdən hərtərəfli dəstək alan Ermənistanın işğalçı siyasəti ilə baş-başa qalmışdıq:

"Bütün bunların fonunda daxildə baş verən siyasi çəkişmələr, torpaq və Vətən deyil, kreslo savaşlarının aparılması, necə deyərlər, düşmənlərin dəyirmanına su tökürdü. Nəticədə torpaqlarımız biri-birinin ardınca işğal edilir, cənubda və şimalda baş qaldıran separatçılıq meyilləri Azərbaycanın bir dövlət kimi varlığını sual altına alırdı. Məhz belə bir taleyüklü vaxtda Azərbaycan xalqı bütün ümidini həmin vaxt Naxçıvanda olan Heydər Əliyevə bağlamışdı. Xalq əmin idi ki, Azərbaycanı üzləşdiyi bəlalardan yalnız bu dahi şəxsiyyət xilas edə bilər. Xalqın bu istək və arzusunu özündə ehtiva edən 91 ziyalı yeni bir partiyanın yaranmasına və bu partiyaya rəhbərlik etməyə razılıq verməsi üçün Ulu Öndərə müraciət etdi. Bu müraciətə həmin vaxt Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri olan Heydər Əliyevin müsbət cavabından sonra 1992-ci il, noyabrın 21-də Naxçıvanda YAP təsis olundu. O zaman ölkəyə rəhbərlik edənlər Heydər Əliyevə və onun silahdaşlarına qarşı bütün təzyiqləri edirdilər. Lakin heç nədən qorxmayan 550 nəfərin iştirakı ilə keçirilən qurultayda həm partiya təsis olundu, həm də Heydər Əliyev yekdilliklə YAP-ın Sədri seçildi. Beləliklə, YAP-ın yaranması xalqın həyatında dönüş nöqtəsi oldu. Çünki artıq xalq bu partiyanı iqtidarda görmək istəyirdi. Məhz bu istəyin, həmçinin Heydər Əliyevin liderlik bacarığının nəticəsidir ki, YAP təsis olunandan heç bir il keçməmiş xalqın dəstəyi ilə hakimiyyətə gəldi. Heydər Əliyevin 1993-cü il oktyabrın 3-də xalqımızın böyük dəstəyini qazanaraq Prezident seçilməsi ilə hakim partiya kimi ilk uğurunu əldə edən YAP bundan sonra ölkədə keçirilən bütün seçkilərdə xalqın etimadını qazanaraq qələbələr partiyası kimi tarixə düşdü. Çünki YAP xalqın partiyası idi. Məhz bu amillər əsasında fəaliyyət göstərən partiyamız ötən illər ərzində Azərbaycanda siyasi sabitliyin, davamlı inkişafın, vətəndaş sülhünün və siyasi dialoqun təminatçısı kimi çıxış etmişdir".

Vüqar İskəndərov diqqətə çatdırıb ki, YAP dünən olduğu kimi, bu gün də cəmiyyətimizdə böyük nüfuza malik olan partiyadır:

"Ulu Öndərin əsasını qoyduğu quruculuq və inkişaf siyasətini 2003-cü ildən sonra uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə YAP yeni dövrdə də yeni uğurlar əldə edib və hazırda da əldə etməkdədir. Ümummilli Liderin ideyalarını uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərlik etdiyi YAP təkcə ölkəmizdə deyil, həmçinin regionda da böyük siyasi gücə çevrilib. Bu məqam da xatırladım ki, ulu öndər Heydər Əliyev 1 oktyabr 2003-cü il tarixdə Azərbaycan xalqına müraciətini aşağıdakı sözlərlə tamamlayırdı: “Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”. Qısa zaman ərzində atılan addımlar, əldə edilən uğurlar dahi şəxsiyyətin bütün fikirlərində olduğu kimi, bu məsələdə də yanılmadığını ortaya qoydu. Ötən 19 il ərzində cənab İlham Əliyevin bütün sahələrdə əldə etdiyi uğurlar tariximizin şərəf, qürur və inkişaf səhifəsini təşkil edir. Məhz bu uğurlar nəticəsində bu gün Azərbaycan regionun ən qüdrətli dövlətidir, dünyada böyük nüfuza malikdir. Regionda Azərbaycanın razılığı olmadan heç bir layihə icra olunmur. Ən əsası Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun ötən il 44 günlük Vətən müharibəsində qazandığı tarixi Zəfər həm torpaqlarımızın işğalına son qoydu, həm də regionda yeni reallıqlar yaratdı. Öz adını tarixə Müzəffər Ali Baş Komandan, xalqının adını isə qalib xalq kimi yazdıran cənab İlham Əliyevin bu qətiyyətli addımlarının dəstəkçisi olan YAP da həmin uğurların əldə edilməsi üçün var gücü ilə çalışdı. Özü də bütün cəbhələrdə".

Millət vəkilinin qənaətincə, bu gün YAP-ın 30 illik dövrünə ekskurs edərkən onu da qeyd etməliyik ki, partiyamızın bütün qurultayları öz əhəmiyyətinə görə hər zaman yerli və xarici müşahidəçilərin diqqət mərkəzində olub:

"YAP-ın 2021-ci il martın 5-də keçirilən Vll qurultayı isə bu baxımdan xüsusi olaraq fərqləndi. Çünki YAP-ın Vll qurultayı Azərbaycanın Vətən müharibəsində möhtəşəm Qələbəsi ilə şərtlənən ölkəmizdə və ölkəmizlə bağlı dünyada formalaşmış yeni reallıqlar dövrünə təsadüf edirdi. Bildiyiniz kimi, cənab Prezident İlham Əliyev qurultayda yeni dövrdə partiyanın qarşısında yeni vəzifələr müəyyənləşdirdi, onların həyata keçirilməsi üçün tapşırıq və tövsiyələrini verdi. 30 illik fəaliyyətdən bəhs edərkən YAP-ın ümumxalq partiyası kimi hər zaman xalqın yanında olduğunu da qeyd etməliyik. Biz bunu hər bir zaman görmüş, əyani şəkildə müşahidə etmişik. Heç uzağa getməyək. COVID-19 pandemiyasının dünyada tüğyan etdiyi bir vaxtda partiyamızın çoxminli üzvləri bütün şəhər, rayon, kənd və qəsəbələrdə kimsəsiz, ehtiyacı olan insanlara çeşidli yardımlar göstərdilər. Həmin ağır günlərdə, pandemiya ilə bağlı sərt karantin şəraitində evlərindən çölə çıxa bilməyən ahıl, xəstə, kimsəsiz insanların pənahı oldu YAP-ın xeyirxah üzvləri.

Digər tərəfdən iki il öncə, Azərbaycanın tarixinə qızıl hərflərlə yazılmış 44 günlük Vətən müharibəsində də YAP üzvləri istər ön, istərsə də arxa cəbhədə öz sözlərini dedilər. Cənab Ali Baş Komandan İlham Əliyevin səfərbərlik çağırışına ilk səs verərək, toplantı məntəqələrinə gələn, 44 günlük müharibədə səngərlərdə qəhrəmanlıq göstərən partiyamızın üzvləri təkcə siyasi deyil, hərbi baxımdan da bir fərd olaraq dövlətin xalqın keşiyində dayandıqlarını sübut etdilər.
Elə həmin günlərdə arxa cəbhədəki fədakarlıqlar zamanı da YAP üzvləri fərqləndilər. Partiya dövlətə və xalqa xidmət missiyası tarixinə daha bir bəndi də əlavə etdi. Belə ki, YAP 44 günlük Vətən müharibəsi dönəmində Azərbaycanın siyasi həyatında yeni bir strategiyanın – siyasi həmrəylik, inteqrasiya və milli birlik modelinin əsasını qoydu.
Bu şərəfli missiya yeni dövrdə də davam etdirilməlidir. Təsadüfi deyil ki, cənab Prezidentin qurultayda qarşıya qoyduğu mühüm vəzifələrdə də bu məqam öz əksini tapıb. Məlum olduğu kimi, Azərbaycan dövləti şəhid ailələrinə və qazilərə hərtərəfli yardım göstərir, YAP da bu kateqoriyadan olan insanlara bundan sonra da daim qayğı və diqqət göstərməlidir. Eyni zamanda, dövlət başçısının bəyan etdiyi kimi, Böyük Qayıdış proqramı icra olunmağa başlayanda məcburi köçkünlər öz doğma torpaqlarına qaytarılacaq. Məhz bu prosesdə də YAP üzvləri xalqın yanında olmalıdır.
Cənab Prezidentin qarşıya qoyduğu daha bir məsələ isə gənc nəslimizin milli ruhda, milli-mənəvi dəyərlər ruhunda tərbiyə edilməsidir. Məhz bu məsələdə də YAP öndə olmalıdır.

Beləliklə, bütün bu sadalananlardan sonra bir daha əmin oluruq ki, xalq o vaxt seçimini düzgün edib. Bu gün Azərbaycan ən güclü dövrünü yaşayırsa məhz bu, partiya rəhbərlərinin yeritdiyi düzgün siyasətin nəticəsidir. Müasir Azərbaycan tarixinin uğurlarla zəngin hər səhifəsində YAP-ın imzası var. Həqiqətən də YAP təkcə dünənin və bu günün deyil, həm də gələcəyin partiyasıdır".

Anar Əliyev
Xəbəri paylaş