Fransa Senatının Azərbaycana qarşı sanksiyalar tətbiq etməsi haqqında qanunun müzakirəyə çıxarıb qəbul etməsini Fransanın ölkəmizə qarşı düşmən mövqeyindən yanaşması kimi qəbul edir və bu qanunu qəti şəkildə rədd edirik.
Newscenter.az xəbər verir ki, bu fikirlər Ana Vətən Partiyasının yaydığı bəyanatda əksini tapıb. Partiya hesab edir ki, qanunun müddəaları arasında Azərbaycanın neft və qaz ixracına Fransada və Avropada embarqo qoyulması, Azərbaycanın Ermənistan ərazisini işğal etməsi haqqında absurd, məkrli və qərəzli fikirləri, Azərbaycanın Laçın dəhlizindən çəkilməsini, “Dağlıq Qarabağ Respublikası”nın müstəqilliyinin tanınması və Fransanın Qarabağda humanitar büro açması kimi məkrli niyyətlərini hökumətə təklif etməsini rəsmi Parisin Beynəlxalq hüququn kobud şəkildə tapdanılması və ölkəmizin ərazi bütövlüyünü pozmaq cəhdi kimi qiymətləndiririk:
"Bütün bunlarla Fransa özünün qərəzli və təcavüzü dəstəkləyən simasını və niyyətini, təcavüzkar Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin bağlanmasına ciddi maneələr yaratdığını nümayiş etdirdi.
Ana Vətən Partiyası bəyan edir ki, Azərbaycanın müvafiq qurumları Fransa ilə mövcud əməkdaşlığa yenidən baxmalı, Fransanı Azərbaycana qarşı təcavüzün tərəfi kimi tanınması məqsədilə ciddi addımlar atmalıdır".
Anar Əliyev