"Neytral vasitəçi və həmsədr kimi həm hüquqi, həm də mənəvi olaraq vasitəçilik haqqını bitirən Fransanın Prezidentinin və xarici işlər nazirinin Qarabağ probleminin nizamlanmasında hələ də özünü görməsi, bununla bağlı hansısa bəyanatlar səsləndirməsi artıq diplomatik dillə ifadə edilməsi mümkün olmayan siyasi tərbiyəsizlikdir. Fransa nəinki 30 il ərzində həmsədr kimi heç bir işə yaramayıb, eyni zamanda, sentyabrın 27-dən fəal döyüş əməliyyatları başlayandan bəri mandatına zidd olaraq münaqişə tərəflərindən birini aşkar şəkildə dəstəkləyib".
Newscenter.az xəbər verir ki, bu fikirləri “Mədəniyyətin və Milli Ənənələrin Təbliği” İctimai Birliyinin sədri Büllur Məmmədova səsləndirib. O bildirib ki, bu sənəd Fransadakı erməni lobbisi və ermənipərəst qüvvələrin Senata təzyiq və təsirinin nəticəsidir:
"ATƏT-in Minsk qrupunun 3 həmsədr dövlətindən biri olaraq Fransanın Senatı tərəfindən belə qərəzli mövqenin ortaya qoyulması qəbuledilməzdir".
İctimai Birlik sədri qeyd edib ki, Fransanın həmsədrlik mandatına uyğun olaraq neytral tərəf kimi çıxış etməli olduğu halda, açıq-aşkar ermənipərəst siyasət yürütdüyünü və tamamilə əsassız şəkildə Azərbaycana qarşı ittihamlar irəli sürdüyünü görürük:
"Bir qrup ermənipərəst, anti-Türk və anti-Azərbaycan əhval-ruhiyyəli senatorlar tərəfindən Fransa Senatına belə bir təklifin edilməsi bu ölkənin indiki hakimiyyətinin adekvat olmadığını və Fransa Prezidentinin siyasətdə naşı olduğunu göstərir".
Anar Əliyev