“Fransa Senatının ötən gün Azərbaycan əleyhinə qəbul etdiyi qətnamə bir daha bu ölkənin həm ermənipərəsət olduğunun, həm də beynəlxalq hüququ ayaqlar altına atdığının göstəricisidir. BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvündən biri olan bir ölkənin elə BMT-nin tanıdığı sərhədlər, ərazi bütövlüyünə zidd qərarlar qəbul etməsi bir daha dediyimizi təsdiqləyir”.
Newscenter.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı İqbal Məmmədov səsləndirib. Millət vəkili bildirib ki, Senatın belə bir qərar qəbul etməsində bu ölkədəki erməni lobbisi, erməni diasporu qədər Fransa prezidenti Emmanuel Makron da maraqlıdır:
“Hesab edirəm ki, belə bir antiAzərbaycan qərarın hazırlanması və qəbul olunmasında Fransa prezidenti də maraqlı olub. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin bir müddət əvvəl Əlcəzairə səfəri zamanı Fransanın müstəmləkəçilik və imperialist siyasəti, fransızların Əlcəzairdə törətdikləri kütləvi qətillər barədə çıxış etməsi və dünyanı bir daha fransız vəhşiliyi barədə məlumatlandırması Parisə vurulan tərs şillə idi. İndi də Makron öz aləmində guya belə bir qərarlar, qətnamələr qəbul etməklə Azərbaycana cavab vermis olur”.
İqbal Məmmədov diqqətə çatdırıb ki, Fransa Senatının məlum qərarı Azərbaycan dövləti və ictimaiyyəti üçün adı kağız parçası mahiyyəti daşıyır:
“Çünki heç bir hüquqi əsası olmayan, sırf qərəz, kin üzərində əsaslanan bu qərara başqa ad vermək olmaz”.
Deputat onu da bildirib ki, heç bir təzyiq Azərbaycanı öz yolundan, apardığı haqq mübarizədən yayındıra bilməz:
“Əgər Azərbaycan beynəlxalq təzyiqlərə, hansısa ölkələrin parlamentlərində qəbul edilən kağız parçalarına boyun əysəydi 44 günlük Vətən müharibəsini məntiqi sonluqla başa çatdırmazdı. Xatirinizdədirsə, həmin ərəfədə də Fransa Ermənistandan daha çox ermənilik edərək Azərbaycanı öz ərazi bütövlüyünü bərpa etmək yolundaçı atdığı addımları dayandırmaq və torpaqlarını işğaldan azad etməyə mane olurdu”.
Anar Əliyev