Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Fransanın Qarabağı ayrı subyekt kimi tanımaq cəhdləri separatizmə birbaşa dəstəkdir

Fransanın Qarabağı ayrı subyekt kimi tanımaq cəhdləri separatizmə birbaşa dəstəkdir


"Fransa Senatı tərəfindən ermənipərəst və Azərbaycan əleyhinə yönəlmiş qətnamə tam olaraq qərəzli xarakter daşıyır və tərəflər arasında açıq ayrı-seçkiliyə yol verir, bu isə Ermənistanla-Azərbaycan arasında gedən danışıqlar prosesində Fransanın bitərəfliyini ciddi şəkildə şübhə altına alır və Fransanın bundan sonrakı vasitəçilik missiyası artıq qəbuledilməzdir. Təəssüf ki, Avropanın aparıcı dövləti olan Fransa və onun marionet senatı nəinki öz ölkəsini, ümumilikdə Avropa İttifaqının bu günə qədər sülh danışıqları üzrə vasitəçilik səylərinə kölgə salır".

Newscenter.az
xəbər verir ki, bu fikirləri politoloq Vüqar Əhmədov səsləndirib. O bildirib ki, bu cür əsassız və qərəzli qərarlar Azərbaycana heç bir təsir göstərə bilməz və Fransa indiki vəziyyəti ilə Avropa İttifaqının və ümumilikdə regionun siyasətinə təsir edəcək gücdə deyil:

"Tam əksinə Fransa bu addımları ilə Ermənistanın xırda və cılız ambisiyaları ucbatından öz ölkəsinin milli maraqlarını ciddi şəkildə zədələyir. Düşünürəm ki, Fransanın yüz illiklər boyu həyata keçirdiyi işğal və müsəlmanlara qarşı soyqırım siyasəti ilə bağlı müxtəlif beynəlxalq təsisatlarda və ölkələrin qanunverici orqanlarında siyasi qiymət verilməlidir. Bununla bağlı Azərbaycan ictimaiyyəti və Milli Məclisi adından Fransa Senatının son addımları və bu ölkənin yürütdüyü birtərəfli yanaşmaya siyasi qiymət verilməlidir".

Politoloq deyib ki, Fransanın Qarabağı ayrı subyekt kimi tanımaq cəhdləri isə separatizmə birbaşa dəstəkdir və beynəlxalq hüququn bütün prinsiplərinə ziddir:

"Bütün bunlar onu göstərir ki, Qərdə artıq ciddi siyasi və ideoloji çatlar mövcuddur və bu addımlar onun dünyada beynəlxalq hüququn orbitoru rolunda çıxış etməsinə mənfi təsir göstərir. Təəssüf ki, ATƏT-in Minsk Qrupunun üzvü kimi son 30 ildə Fransanın Ermənistan-Azərbaycan münaqişəsinin həllinə heç bir töhfə verməməsinin əsl səbəbi məhz bu cür ədalətsiz mövqedən qaynaqlanmışdır".

Anar Əliyev
Xəbəri paylaş