Azad Vətən Partiyası Azərbaycan-İran münasibətlərinin gərginləşməsi, rəsmi Tehranın təxribatçı hərəkətləri, iki ölkənin xalqları arasında qarşılıqlı ittihamların güclənməsi ilə bağlı bəyanat qəbul edib.
Newscenter.az-a partiyadan daxil olan bəyanatda qeyd edilir ki, bu gün İran İslam Respublikasının ərazisindən, bu ölkənin rəsmi dövlət telekanallarından, qəzetlərin səhifələrindən Azərbaycana qarşı əsası olmayan, böhtan xarakterli çıxışların olması həm təəssüf, həm də hiddət doğurur. İran və Azərbaycanda yaşayan xalqlar tarixləri, əxlaqları, sosial-mənəvi vərdişləri, ən əsası inancları etibarı ilə eynidirlər. İranın siyasətçiləri isə bu gün bu vacib məsələləri sanki unudublar. Müsəlman aləminin İslam həmrəyliyi uğrunda mübarizə apardıqları bir dövrdə İran Azərbaycana qarşı apardığı siyasəti ilə parçalanma yaradır.
Partiya hesab edir ki, bir vaxtlar başda ABŞ olmaqla Qərb ölkələri İran İslam Respublikasını sanksiyalar cəngində boğmağa çalışanda Azərbaycan bu təcridetməyə qarşı çıxdı və Bakı İran vətəndaşları üçün dünyaya pəncərə açdı. İrandan digə rölkələrə gediş-gəliş Azərbaycanın ərazisindən keçməklə həyata keçirildi. Azərbaycanın bu siyasəti İslam həmrəyliyinə və mehriban qonşuluq siyasətinə gözəl nümunə oldu. Bəs, iranlı siyasətçilər, bu dövlətin başında duranlar bunları necə unuda bilərlər?!
Azad Vətən Partiyası bəyan edir ki, qonşu dövlətin bu cür münasibət sərgiləməsinin heç bir adı yoxdur. İstər beynəlxalq geosiyasi, istərsə də daxili siyasə tbaxımından bu cür davranışın İran dövlətinə heç bir xeyri yoxdur. Regional siyasi vəziyyəti real qiymətləndirsək İRİ-nin Ermənistandan başqa yaxın dostu olmadığını görərik. Əhalisinin 95 faizinin müsəlman olduğu Azərbaycana qarşı düşmənçilik münasibəti sərgiləmək isə İranın öz daxili asayişinin pozulması deməkdir, çünki əhalisinin yarısı Azərbaycan türküdür. Belə olan halda təbii sual doğur: bu siyasət nəyə hesablanıb? Bu sualın məntiqi cavabı yoxdur. Bütün hallarda İranın bu siyasəti regional təhlükəsizliyi təhdid edir.
Biz gözləyirdik ki, İran dövləti Azərbaycanın planlaşdırdığı Zəngəzur dəhlizini nəinki alqışlayacaq, həm də ona öz töhfəsini verəcək. Çünki, bu dəhliz regionun digər dövlətləri kimi İranın da mənafeyinə uyğundur. Amma biz bu məntiqi ehtimalın tam əksini müşahidə edirik. Zəngəzur dəhlizi mütləq açılacaq, bu, siyasi həllini tapmış məsələdir. İran bütün bu reallıqları anlamalı, tezliklə Azərbaycana qarşı təxribatlara, bütövlükdə yanlış siyasətinə son qoymalıdır.
Anar Əliyev