Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İranın Azərbaycan Respublikası əleyhinə apardığı təbliğat qonşuluq ənənələrinə uyğun deyil

İranın Azərbaycan Respublikası əleyhinə apardığı təbliğat qonşuluq ənənələrinə uyğun deyil


İranın Azərbaycan Respublikası əleyhinə apardığı təbliğat, yürütdüyü siyasət İslam dininə, beynəlxalq qanunlara və qonşuluq ənənələrinə uyğun deyil. İllərdir Azərbaycan torpaqlarını işğalda saxlayıb dini, mədəni abidələrimizi dağıdaraq təhqir edən, Azərbaycanın müsəlman əhalisinə qarşı soyqırımı həyata keçirən Ermənistanla məhz özünü İslam dövləti elan etmiş İranın heç bir məntiqə uyğun olmayan qardaşlığı, sıx münasibətləri tamamilə ədalətsiz, qərəzlidir.

Newscenter.az xəbər verir ki, bu fikirlər Milli Cəbhə Partiyasının bəyanatında yer alıb. Partiya bəyan edir ki, Azərbaycan Respublikası hər zaman qonşularla sülh və qarşılıqlı xoş münasibətlər zəminində yaşamağı əsas götürüb. Lakin İran Azərbaycana qarşı xarici siyasətində düşmən mövqe tutduğu kimi, daxili siyasətində də İranda yaşayan milyonlarla soydaşımıza qarşı repressiya həyata keçirir, onların hüquqlarını illərdir tanımır, dillərində məktəb açılmasına imkan vermir.

İran siyasiləri çıxışlarında, bəyanatlarında, habelə mətbuatda Azərbaycan əleyhinə yanlış təbliğat kompaniyası aparırlar.

Odur ki, Milli Cəbhə Partiyası (MCP) İranın Azərbaycan Respublikası əleyhinə olan bütün addımlarını qətiyyətlə pisləyirik. Güney Azərbaycanda yaşayan soydaşlarımızın hüquq və azadlıqlarının bərpa olunmasını tələb edirik. Ümumiyyətlə İranın Azərbaycan əleyhinə çıxışları, təhidləri bütün İslam dünyasına qarşı təhdiddir. Çünki Azərbaycan işğalda olan torpaqlarını azad etməklə eyni zamanda ümumislam mədəniyyətinə aid olan dini abidələri, məscidləri də azad edib. Müsəlmanların tapdanan, təhqir olunan qürurunu xilas edib. Bu baxımdan bütün müsəlman ölkələri Azərbaycana təşəkkür etməlidir, dəstək verməlidir. Əgər İran torpaqlarımızın azad edilməsinə narahat olubsa, demək onun İslam adına iddiası şübhəlidir.

İranın Azərbaycana qarşı İslam dininə, qonşuluq ənənələrinə zidd olaraq çıxışları, anti - Azərbaycan təbliğatı nəinki İranın xeyrinədir, əksinə orada yaşayan soydaşlarımızın da uzun müddətdir İranda davam edən anti-hökumət aksiyalarına qoşulmasına təşviqdir. İran unutmamalıdır ki, orada yaşayan 40 milyon soydaşımızın damarında fars yox, Azərbaycanlı qanı axır. İran əslində bundan narahat olmalıdır ki, daxilindəki milyonlarla Azərbaycan türkü son məqamda Azərbaycanın yanında olacaq.

Milli Cəbhə Partiyası İranın Azərbaycan haqqındakı anti-təbliğatını pisləyir və İran rəhbərliyini yürütdüyü siyasətə yenidən baxmağa, İslam dininin təməl prinsiplərinə əməl etməyə, qonşuluq ənənələrinə riayət etməyə səsləyir.

Məhəmməd
Xəbəri paylaş