"Fransa Senatının Azərbaycana qarşı qəbul etdiyi qətnaməni şiddətlə qınayıram. Çünki Senatın Azərbaycanla bağlı qəbul etdiyi qətnamə tamamilə qərəzli bir sənəddir".
Newscenter.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Jalə Əhmədova səsləndirib. Millət vəkili bildirib ki, reallıqdan çox-çox uzaq olan belə bir sənədin qəbul edilməsi Azərbaycan-Ermənistan münasibətlərinin stabilləşməsinə zərbə vurmaqla yanaşı, eyni zamanda Azərbaycan-Fransa münasibətlərinə də kölgə salır:
"Fransa Senatı bilməlidir ki, Azərbaycan BMT-nin ona verdiyi hüququndan istifadə edib və 30 il Ermənistanın işğalı altında qalan dədə-baba torpaqlarını işğaldan azad edib. Azərbaycanı ermənilərə məxsus abidələrə qarşı qeyri-adekvat davranışlarda ittiham edən Fransa Senatı, ermənilərin məscidlərimizdə heyvan saxlaması faktını niyə görməməzlikdən gəlir? Milli-mədəni, tarixi abidələrimizə qarşı ermənilərin törətdiyi vandal hərəkətlərdən, güllələnmiş heykəllərdən, dağıdılmış qəbirlərdən, murdarlanmış məscidlərdən xəbərsizdirmi, Senatın üzvləri?"
Millət vəkilinin sözlərinə görə, Azərbaycanı irqi ayrı-seçkilikdə ittiham edən və bununla yanaşı, 30 il ərzində Ermənistanın işğalçı siyasətinə göz yuman Fransa Senatı bilməlidir ki, Qarabağ beynəlxalq hüquqla tanınır və Azərbaycanın ayrılmaz tərkib hissəsidir.
Ruhiyyə Mehdiyeva