Noyabrın 16-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Beynəlxalq Tolerantlıq Günü münasibətilə "Tolerantlıq - dövlət siyasəti və milli dəyər" mövzusunda konfrans keçirilib.
Newscenter.az xəbər verir ki, konfransı giriş sözü ilə açan Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılov ölkəmizdəki tolerantlıq mühitinin hazırkı səviyyəyə gəlib çatmasının Prezident İlham Əliyevin bu istiqamətdə apardığı siyasətin, dinindən, dilindən və milli mənsubiyyətindən asılı olmayaraq hər bir vətəndaşımıza bərabər münasibətin nəticəsi olduğunu vurğulayıb. Bu gün Azərbaycan özünün uzun əsrlərin süzgəcindən süzülüb gələn zəngin multikulturalizm modelini dünyaya təqdim etməkdədir. Azərbaycanın bu sahədəki təcrübəsi kifayət qədərdir və qədim tarixə malikdir. Ölkəmizdə kilsə, sinaqoq və məscidlər azad, sərbəst, təhlükəsiz, qarşılıqlı hörmət əsasında, tolerantlıq şəraitində fəaliyyət göstərirlər. Təbii ki, belə bir mühit dövlətin apardığı siyasət və xalqın unikal daxili birgəyaşayış mədəniyyətini həyat tərzinə çevirməsi nəticəsində formalaşıb.
Komitə rəsmisi bildirib ki, Azərbaycan dövlətinin həyata keçirdiyi tolerantlıq siyasəti ölkəmizdə yaşayan etnik və dini icmalar arasında dostluğun və qardaşlığın daha da möhkəmlənməsinə zəmin yaradır. “Biz bu dostluğun və qardaşlığın ən ali göstəricisinə 44 günlük Vətən müharibəsində şahid olduq. Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin ətrafında müxtəlif dini konfessiyaların, fərqli mədəniyyət və millətlərin nümayəndələri bir yumruq kimi birləşdi və bir amal uğrunda mübarizə apardılar”, - deyə G. İsmayılov vurğulayıb.
Dövlət Komitəsi yanında İctimai Şuranın sədr müavini, “Dialoq və İnkişaf Naminə” İctimai Birliyinin sədri Çingiz Bayramov dünyada tolerantlığın və multikulturalizmin Azərbaycan modelinin böyük rəğbət və təqdirlə qarşılandığını bildirib. Qeyd edib ki, beynəlxalq tədbirlərdə, konfranslarda beyin mərkəzlərinin nümayəndələri, alimlər, siyasətçilər tərəfindən Azərbaycan bütün dünyaya dözümlülük, tolerantlıq örnəyi kimi göstərilir.
Azərbaycan Milli Elmlər Akademiyasının şöbə müdiri, professor Sakit Hüseynov çıxış edərək əsrlərdir Azərbaycanda müxtəlif etnik qrupların və fərqli etiqada malik insanların yanaşı yaşadığını bildirərək, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan, hazırda Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən bu siyasət nəticəsində bundan sonra da bu dinc, qardaşcasına birgəyaşamın davam edəcəyinə əminliyini ifadə edib.
Konfrans zamanı “Tolerantlıq diyarı Azərbaycan” filmi nümayiş edilib.
Mehman