Noyabrın 16-da ABŞ dövlət katibi Antoni Blinken Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. ABŞ dövlət katibi bu il noyabrın 7-də Vaşinqtonda Azərbaycan və Ermənistan Xarici işlər nazirlərinin sülh müqaviləsi üzrə növbəti danışıqlarının keçirildiyini və ABŞ-ın Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesinə töhfə vermək əzmində olduğunu bir daha vurğulayıb.
Newscenter.az-ın xəbərinə görə, sözügedən telefon zəngi barədə fikirlərini bölüşən politoloq Vüqar Əhmədov bildirib ki, Fransa Senatının məlum son qətnaməsindən sonra ABŞ dövlət katibinin Azərbaycan Prezidentinə zəng etməsi rəsmi Vaşinqtonun Ermənistanla-Azərbaycan arasında sülh danışıqlarına sadiqliyini bir daha vurğulamağa xidmət edir:
"Azərbaycan Prezidenti ilə Ermənistanın baş naziri arasında sülh danışıqları əsasən Avropa İttifaqının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə həyata keçirilsə də, sirr deyil ki, ABŞ bu prosesin aparılmasında əsas maraqlı olan tərəfdir. Bu telefon danışığı da məhz ABŞ-ın iki ölkə arasında dayanıqlı sülhə və bölgənin təhlükəsizliyinə nail olmaq üçün Azərbaycanla bu sahədə işbirliyinə önəm verməsindən və danışıqların davam etdirilməsində maraqlı olmasından irəli gəlir".
Politoloq hesab edir ki, yaranmış indiki vəziyyətdə, yəni Fransanın son puzucu addımları və 10 noyabr sazişindən irəli gələrək Rusiyanın öhdəliklərin yerinə yetirilməsində Ermənistana təsir etməməsi, Bakının nizamlanma prosesini məhz Ankara-Brussel-Vaşinqton xətti üzrə davam etdirməsi daha məqbul görünür:
"Məhz bu xətt üzrə sülh danışıqlarında real nəticənin əldə olunma ehtimalı daha yüksəkdir. Son zamanlar Vaşinqtonla Ankara arasında siyasi dialoqun və təmasların daha da intensivləşməsi Azərbaycanın marağına tam cavab verir. Bütün bunların fonunda Fransa senatının yersiz qətnaməsi və Paşinyanın publika ilə oynayan açıqlamaları yalnız danışıqlar prosesindən yayınmağa xidmət edir və bunlar İrəvanın danışıqlar prosesini pozmaq üçün son çabalarıdır. Paşinyanın sülh müqaviləsini çərçivə sənədi kimi təqdim etmək cəhdi və ya Zəngəzur dəhlizinə nə ad qoymasından aslı olmayaraq Ermənistan yaxın zamanda üzərinə götürdüyü öhdəliklər üzrə bu razılaşmalara əməl etmək məcbruriyyətində qalacaq".
Anar Əliyev