Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

ABŞ - ın vasitəçilik iddiası

ABŞ - ın vasitəçilik iddiası


Bir neçə gün əvvəl ABŞ dövlət katibi Entoni Blinkenlə Ermənistan baş naziri Nikol Paşinyan arasında telefon danışığı olmuşdu. Dünən Blinken Paşinyanla telefon danışığının təfərrüatlarını açıqlayıb. Dövlət katibi Ermənistanı Azərbaycanla danışıqlar tempini saxlamağa çağırıb. Həmçinin dünən Blinken Prezident İlham Əliyevə də zəng edib. Məlum olduğu kimi, hazırda Cənubi Qafqazda Rusiya, ABŞ və Avropa İttifaqı (Aİ) arasında mübarizə gedir. Onlar regiondakı mövcudluqlarını gücləndirmək istəyirlər. Bunun üçün isə Ermənistanla Azərbaycan arasında əlaqələrin normallaşması tendensiyasından istifadə edirlər.

Newscenter.az xəbər verir ki, belə bir açıqlama ilə çıxış edən siyasi ekspert Kənan Novruzov deyib ki, İkinci Qarabağ müharibəsinə kimi həmin güclər regiondakı konfliktin davam etməsində maraqlı idilər:

"Lakin Azərbaycan ordusu məsələni həll etdi. Odur ki, Rusiya, ABŞ və Aİ- ni indi daha çox maraqlandıran tərəflər arasında yekun sülh müqaviləsinin onların öz moderatorluqları ilə imzalanmasıdır. Həm Moskva, həm Vaşinqton, həm də Brüssel reallıqları anlayır və Bakının gücü ilə hesablaşırlar. Onlar bilirlər ki, Azərbaycan bundan sonra da özü öz maraqlarını təmin etmək iqtidarındadır".

Kənan Novruzov qeyd edib ki, rəsmi Bakının qətiyyəti və konkret mövqeyi göz qabağındadır:

"Elə buna görə də üçüncü tərəflər tələsir, müxtəlif təşəbbüslərlə vasitəçilik rolunu öz üzərlərinə götürmək istəyirlər. ABŞ dövlət katibinin çağırışı da bu kontekstdən qiymətləndirilməlidir. Lakin eyni ilə Moskva kimi, Vaşinqton da səmimi deyil. Əks halda ABŞ ötən otuz il ərzində, Minsk Qrupunun həmsədrlərindən biri kimi müsbət nəticəyə nail olardı. Amma biz bunu görmədik. Əksinə ABŞ digər vasitəçilər kimi daim prosesin uzanmasına çalışdı. Odur ki, indi də Ağ evdən səmimi səylər gözləməyə dəyməz. Bununla belə deməliyik ki, üçüncü güclərin mübarizəsi regionda yeni fürsətlər yaradır. Biz bu rəqabətdən öz xeyrimizə, maraqlarımızın təmin olunması istiqamətində istifadə edərək bilərik".

Ekspertin qənaətincə, Azərbaycan artıq regional və beynəlxalq siyasi oyunçudur:

"Ermənistanla münasibətlərin normallaşmasında vasitəçi olmaq istəyən tərəflər bunu qəbul edirlər. Nə Moskva, nə də Vaşinqton Bakı ilə münasibətləri pisləşdirmək istəyər. Biz bundan istifadə edərək, onların İrəvana təzyiq göstərmələrini təmin edə bilərik. Bütün hallarda üçüncü güclərin vasitəçilik iddiaları nəticəsində regionda yaranmış xaotik vəziyyətdən yararlanmalıyıq. Buna baxmayaraq, balanslı siyasət davam etdirilməli və üçüncü tərəflərin proseslərə təsir imkanı minimum olmalıdır".

Mehman
Xəbəri paylaş