Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan Albaniyada qaz təsərrüfatının inkişafına öz töhfəsini verəcək

Azərbaycan Albaniyada qaz təsərrüfatının inkişafına öz töhfəsini verəcək


“Azərbaycanın mühüm enerji layihələrinin həyata keçirilməsində liderliyi və Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində rolu böyükdür. Təsdiq edilmiş ehtiyatları 2,6 trilyon kubmetrə bərabər olan Azərbaycan ötən il yarım ərzində Avropaya 13,5 milyard kubmetr qaz nəql edib. Bu il daha 10 milyard kubmetr qaz nəql etmək planlaşdırılır ki, bununla da ümumi ixrac 22 milyard kubmetrdən artıq olacaq. Sirr deyil ki, hazırda həm TAP, həm TANAP qaz kəmərlərinin iki dəfə genişləndirilməsi məsələsi də müzakirə olunur. Eləcə də Azərbaycan Avropa İttifaqı rəsmiləri tərəfindən artıq etibarlı tərəfdaş kimi tanınır və qiymətləndirilir. Ona görədir ki, bu ilin iyul ayında Azərbaycanla Avropa Komissiyası arasında enerji sahəsində strateji əməkdaşlıq üzrə Anlaşma Memorandumu imzalanıb. Həmin Memorandum əsasında 2027-ci ilə qədər Avropaya gedən qaz təchizatı iki dəfə artırılacaq”.

Bunu Newscenter.az-a Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov deyib.

Ramil Vəlibəyov bildirib ki, Azərbaycan həmçinin Albaniyada qaz təsərrüfatının inkişafına öz töhfəsini verəcək:
“Məsələn, Albaniyada bu günə qədər qaz şəbəkəsi yaradılmayıb. Lakin Azərbaycan bu sahədə də investor kimi iştirak edə bilər. Elə Gürcüstan nümunəsi və təcrübəsi buna misal ola bilər. O da aydındır ki, Azərbaycan və Albaniya TAP layihəsinin üzvləridir. Hər iki ölkə Cənub Qaz Dəhlizinin icrasında çox önəmli rol oynayıblar. Azərbaycanın və Avropa İttifaqının sədrliyi ilə bu günə qədər keçirilmiş Cənub Qaz Dəhlizi Məşvərət Şurasının bir çox toplantılarında Albaniya nümayəndələri də həmişə çox fəal iştirak ediblər”.

“Bu gün Azərbaycan ilə Albaniya arasında konstruktiv siyasi dialoq mövcuddur və beynəlxalq təşkilatlardakı uğurlu əməkdaşlıq iki ölkənin əlaqələrini gücləndirir” – deyən Ramil Vəlibəyov əlavə edib ki, Albaniya NATO-nun üzvü kimi NATO-Azərbaycan əlaqələrinə həmişə böyük dəstək verib:

“Eyni zamanda, Albaniya həmişə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib. Həm işğal dövründə, həm də Vətən müharibəsi dövründə Albaniya rəsmilərinin bəyanatları, dəstəyi açıq olub. Bu gün iki ölkə arasında iqtisadiyyat sahəsində də əməkdaşlıq üçün əlverişli şərait var. Qarşılıqlı sərmayə qoyuluşu, Albaniya və Azərbaycan şirkətlərinin birgə fəaliyyəti, birgə müəssisələrin yaradılması, turizm, kənd təsərrüfatı, müasir texnologiyalar sahələri uğurlu əməkdaşlıq nümunələri ola bilər”.

Ruhiyyə Mehdiyeva
Xəbəri paylaş