Dünyada gedən proseslərin fonunda, eləcə də Azərbaycanın hazırda regionda yaratdığı yeni reallıq və çağırışlar dövlətimizin büdcəsi, maliyyə siyasəti qarşısında bir çox mühüm vəzifələr qoyur. Ölkə başçısı İlham Əliyevin rəhbərliyi ilə aztəminatlı və həssas təbəqədən olan insanların sosial müdafiəsinin gücləndirilməsi üçün nəzərdə tutulan layihələr davam etdirilir. Gələn ilin dövlət büdcəsində müdafiə və təhlükəsizlik, işğaldan azad edilmiş ərazilərdə bərpa - quruculuq işlərinin aparılması, Vətən Müharibəsi iştirakçılarının, şəhid ailələrinin, qazilərin sosial vəziyyətinin yaxşılaşdırılması, pensiya sisteminin dayanıqlığı nəzərə alınıb. Gözənildiyi kimi, gələn il də dövlət büdcəsi sosial yönümlü olacaqdır.
Mən inanıram ki, qaldırdığımız məsələlər öz real həllini tapacaqdır. Biz görürük ki, bir çox sahələrdə, o cümlədən ailə, qadın və uşaq məsələləri ilə bağlı büdcədə artım var. Məişət zorakılığına, insan alverinə, erkən nikaha məruz qalan şəxslər, sağlamlıq imkanları məhdud olan uşaqlar və onların ailə üzvləri ilə sosial, psixoloji və psixo-pedaqoji işin təşkili və digər tədbirlərin həyata keçirilməsi üçün 2023-cü ilin dövlət büdcəsində yeddi tam onda bir milyon manat vəsait nəzərdə tutulub. Bu da 2022-ci il müqayisədə 3 dəfə çoxdur. Əlbəttə ki, bu bizi sevindirir. Ona görə ki, biz keçən dövlət büdcəsinin müzakirəsi zamanı bu məsələlərin aktuallığını qeyd etmişdik. Və gələn ilin büdcəsində həmin təkliflərin bir hissəsinin nəzərə alınmasını çox müsbət qarşılayırıq. Hökumətin bu mövzulara həssaslığını alqışlayırıq. Ümid edirəm ki, iqtisadi imkanlar çoxaldıqca, bu sahəyə ayrılan xərclər yenidən nəzərdən keçiriləcəkdir.
Mən əsas təkliflərimi birgə iclaslarda səsləndirmişəm. Lakin qısa olaraq bəzi fikirlərimi bir daha səsləndirmək istəyirəm:
1. İnertnat evlərindən məzun olan uşaqların ev, iş və təhsillə bağlı məsələyə diqqəti çəkmək istərdim. Bildiyimiz kimi, ölkəmizin Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə “Məzun evi” tikilib və onların istifadəsinə verilib. Eyni zamanda analoji olaraq digər müsbət təcrübələr də var. Məsələn qardaş Türkiyədə uşaq evində böyüyən uşağın təhsil aldığı müəssisə dövlət tərəfindən müəyyən güzəştlər əldə edir. Və ya özəl sektorda belə uşaqları işlə təmin edən şirkətlər vergidən azad edilir Belə nümunələr çoxdur. Biz bu uşaqların öz həyatlarını və sağlam gələcəyini qurmaq üçün müxtəlif proqramlar həyata keçirə bilərik. Yaxşı olardı ki aidiyyəti olan dövlət qurumları bu problemlərlə bağlı proqramlar hazırlayıb Nazirlər Kabinetinə təqdim etsin və bu proqramların həyata keçirilməsi büdcədə öz əksinin tapsın Xahiş edirəm ki, bu məsələni imkan daxilində büdcədə nəzərə alasınız.
2. Mən 41 saylı Sumqayıt birinci seçki dairəsinin bəzi sosial məsələlərini diqqətinizə çatdırmaq istərdim. Sumqayıt şəhərinin Corat qəsəbəsində kanalizasiya xətlərinin çəkilməsi, ümumiyyətlə, orada belə bir xətt mövcud deyil. Şəhərin bir çox hissələrində insanların istiliklə təminatında problemlər mövcuddur. Qeyd etmək lazımdır ki, bu ərazilərdə həm şəhid ailələri, qazi və onların ailələri, aztəminatlı və digər həssas təbəqədən olan əhali yaşayır. Bu həm də onların probleminin həll olunması deməkdir. bu baxımdan Sumqayıtda olan bu kimi problemlərin həlli üçün müvafiq qayda büdcədə nəzərdə tutmağınızı xahiş edirəm.
Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova