"Bu gün xalqımız azadlığı uğrunda dünyanın ən güclü dövlətlərindən biri hesab olunan Sovet İmperiyasına qarşı başladığı mübarizənin 34 illiyini qeyd edir.Azərbaycanın dövlət müstəqilliyi kimi Böyük Qələbəya nail olmuş Milli Dirçəliş Hərəkatı xalqımızı dünyanın ən mübariz xalqı olaraq tanıtdı. 17 noyabr 1988-ci ildə başlayan Dirçəliş Hərakatının mahiyyət və miqyasına görə xalqımız "İlin Xalqı" elan edildi. Bu, bizim qızıl hərflərlə yazılan tariximzdir".
Newscenter.az xəbər verir ki, bu fikirləri Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev səsləndirib. O bildirib ki, 34 il əvvəl başlamış Dirçəliş Hərəkatı Vətənimizin sadəcə bir hissəsinin azadlığına nail olduğu üçün, Azərbaycan xalqının bu mübarizəsi davam etməkdədir. Vətənimizin bütövlüyü, xalqımızın rifahı və dövlətimizin qüdrətli olması üçün milli dirçəlişə daim ehtiyac vardır:
"Biz də Milli Dirçəliş Hərəkatı Partiyası olaraq Vətənimizin, dövlətimizin və millətimizin milli dirçəlişi yolunun yolçusu olmaqdan qürur duyuruq və xalqımızı “17 Noyabr - Milli Dirçəliş Günü” münasibətilə şəxsim və sədri olduğum Milli Dirçəliş Hərəkatı Partiyası üzvləri adından təbrik edirəm! Vətənimizi bütöv, dövlətimizi qüdrətli, xalqımızı firavan görmək nəsibimiz olsun!”".
Anar Əliyev