Azərbaycanın artan gücü və qüdrəti təəssüf ki, bir çox yaxın və uzaq ölkələri narahat edir. Son vaxtlar Azərbaycana qarşı həm cənub qonşumuz olan İran, həm də Avropanın üz qarası sayılan Fransadan yönəlik təzyiqlər məhz həmin narahatçılıqdan irəli gəlir. Ancaq həm Tehran, həm də Paris unudur ki, bu günkü Azərbaycan 90-cı illərin gücsüz, inkişafsız, iqtisadi və sosial durumu zəif olan Azərbaycan deyil. Ona görə də rəsmi Bakı ilə güc, təzyiq diliylə danışmaq yersizdir. Elə Yeni Azərbaycan Partiyasının üzvü Gündüz Atakişiyev də bu qənaatdədir.
Newscenter.az-a verdiyi açıqlamada hakim partiya rəsmisi deyib ki, Azərbaycanla təhdid və təzyiqlər dilində danışmağın heç kimə, heç bir faydası olmayacağı artıq çoxdan hər kəsə məlum olmalıdır:
"Təəssüflər olsun ki, bu gün Azərbaycana qarşı sadəcə bəzi ermənipərəst qərb dövlətləri tərəfindən deyil, həmçinin yaxın qonşumuz və hətta müsəlman ölkəsi və islam dövləti olan İran tərəfindən təzyiqlər olunmasına cəhd göstərilir. Azərbaycanla sərhəd ərazilərinə qoşun yığır, hərbi təlim keçmək adı ilə güc göstərməyə çalışır, həm də əslində mövcud olmayan gücü. Bütün bunlar mehriban qonşuluq və islam həmrəyliyi prinsiplərinə mahiyyət etibarı ilə zidd olan səmərəsiz cəhdlərdir".
Hakim partiya təmsilçisi deyib ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin də dəfələrlə bəyan etdiyi kimi, Azərbaycanın Silahlı Qüvvələri bütün təhdidlərin qarşısını almağa, bütün təxribatlara qarşı qətiyyətlə cavab verməyə qadirdir.
Anar