Cənub qonşumuz daxili problemlərini həll edib xalqın tələb və istəklərini həyata keçirmək əvəzinə öz qonşularında düşmən axtarır. Xüsusilə də Tehran Azərbaycanı bu gün sözün həqiqi mənasında düşmən gözündə görür. Hər halda son aylarda Tehran rejiminin Bakıya qarşı təhdid dolu fəaliyyətləri və hədələri belə deməyə əsas verir. Elə Yeni Azərbaycan Partiyasının Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov da belə düşünür.
Newscenter.az-a Həbib Misirov bildirib ki, İran Azərbaycanı hansısa dillə təhdid etməkdən daha çox, öz daxilində olan problemlərlə məşğul olmalıdır. Hakim partiya rəsmisinin sözlərinə görə, İranda kütləvi aksiyaların davam etdiyi bir şəraitdə İran İslam İnqilabının Keşikçiləri Korpusunun ölkəmizlə həmsərhəd Şərqi Azərbaycan və Ərdəbil əyalətlərində hərbi təlimlərə başlaması Azərbaycana qarşı hərbi güc nümayişindən başqa bir şey deyildi:
"Bu gün Azərbaycanın malik olduğu böyük imkanları İran dövləti həzm edə bilmir".
Həbib Misirov onu da deyib ki, İran tarixi torpaqlarımız olan Qarabağın erməni işğalından azad edilməsində heç zaman maraqlı olmayıb. Əksinə o bizim torpaqlarımızın sonsuzadək işğalda qalmasına tərəfdar olub:
"Bu isə İran hakimiyyətinin cinayətkar və riyakar mahiyyətindən xəbər verir".
Anar Əliyev