Azərbaycan parlamentinin İsraildə səfirliyimizin açılması barədə qanun layihəsini müzakirə edib müvafiq qərar qəbul etməsi Təl-Əvivdə nə qədər xoş qarşılansa da, lakin cənub qonşumuzda rəsmi Bakının verdiyi bu qərar ciddi narahatçılıq yaradıb. Politoloq Məhəmməd Əsədullazadə isə hesab edir ki, Tehranın narahatçılığı əbəsdir və heç bir əsası yoxdur. Newscenter.az-a verdiyi açıqlamada politoloq deyib ki, İran Azərbaycanın İsraildə səfirliyin açılması qərarına hörmətlə yanaşmalıdır: "Digər tərəfdən, Tehran işğalçı və terrorçu Ermənistana dəstək verib onu silahlandıranda nəzərə almalı idi ki, rəsmi Bakının da adekvat addımları olacaq".
Politoloqun sözlərinə görə, Azərbaycanın İsraildə səfirlik açması geosiyasi çağırışların nəticəsidir: "Azərbaycan özü müstəqil siyasət yürüdür və öz qərarını müstəqil şəkildə verir. Heç bir qüvvə və ya dövlət bizə nəyisə diqtə edib yol göstərə bilməz".
Sonda politoloq onu da deyib ki, İran İsraildə səfirliyimizin açılması qərarını anlayışla qarşılamalıdır.
Anar Əliyev