Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Aylar Həqqinin ölümü İranda “Hicab hərəkatını” inqilab kontekstinə keçirəcək

Aylar Həqqinin ölümü İranda “Hicab hərəkatını” inqilab kontekstinə keçirəcək


İranda kürd əsilli 22 yaşlı gənc aktivist Məhsa Əminin ölümü sonrası başlanan etiraz aksiyaları hər gün bir az daha şiddətlənir. İranın Tehran, Təbriz, Əhvaz, Yəzd, Rəşt, Urmiya və bir sıra şəhərlərində etiraz aksiyalarında “Diktatora ölüm!”, “Azadlıq!”, “Bu il başqa ildir, Seyid Əli devrilibdir!”, "Azadlıq, Ədalət, Milli Hökumət", "Buna etiraz deməyin! Bu inqilabdır!" və digər şüarlar səsləndirilir.

İranın molla rejimin etiraz aksiyalarına silahlı və sərt müdaxilələri sonrası isə həyatını itirənlərin sayında artım müşahidə olunur. Həmin şəxslərdən biri də Təbriz Azad Universitetinin tibb fakültəsinin tələbəsi Güney Azəribaycanlı Aylar Həqqidir.

Şərqi Azərbaycan vilayətinin Məlikan (Məlik Kəndi) şəhərində doğulan və Təbriz şəhərində yaşayan Aylar Həqqi bu şəhərdə baş qaldıran etirazlar zamanı rejimin qüvvələrinin açdığı atəş nəticəsində həyatını itirib.

Molla rejiminin “qətl saxtakarlığı”

İslam İnqilabı Keşikçiləri Korpusuna yaxınlığı ilə bilinən Fars xəbər agentliyi Şəhran Qülləsinin təhlükəsizlik kamerasının lentə aldığı videonu yayımlayıb və iddia edib ki, Aylar Həqqi maşından endikdən bir az sonra çuxurluğa düşərək həyatını itirib. Lakin bu videoda sadəcə bir qadının maşından düşdüyü görünür və hətta şəxsin üzünü və kimliyini müəyyən etmək belə mümkün deyil. Ayların qohumlarının dediyinə görə, o, noyabrın 16-da axşam rejimə qarşı keçirilən nümayişə gedəndən sonra həmin gün saat 19:00 radələrində başının arxasından güllələnərək həyatını itirib.

Məhsa Əmini də əxlaq polisi tərəfindən öldürülməsinə baxmayaraq rejim Məhsanın ölümünü təbii səbəblərdən, daha dəqiq desək ürəktutması nəticəsində baş verdiyini açıqlamışdı.

Ümumiyyətlə rejim iki aydır davam edən etiraz aksiyalarında həyatını itirən vətəndaşların ölüm səbəbi olaraq “yüksəkdən yıxılma”, “intihar”, “ürək problemi” və “üsyançı izdihamın içindən hücum” kimi açıqlamalar irəli sürür.
Məhsanın qətli aksiyaları, Ayların qətli isə inqilabı başladacaq!

Aylar Həqqinin qətli İrandakı mövcud etiraz aksiyalarını inqilab kontekstinə keçirəcək. Belə ki, Aylar Həqqinin noyabrın 18-də Təbrizin Vadi-Rəhmət Qəbiristanlığında keçirilən dəfn mərasimi də bunu deməyə əsas verir.
Dəfn mərasimində molla rejimi əleyhinə “Azadlıq, ədalət, milli hökumət” “Azərbaycan milləti çəkəməz bu zilləti”, “biz ölməyə hazırıq, Babəkin sərbazıyı (əsgəriyik)” və “hamımız Aylarıq, mübarizə davam edir” şüarları səsləndirilib.

Nəticə etibarilə Məhsa Əminin qətli İranda hicab hərəkatını başlatdığı kimi Aylar Həqqinin qətlində hərəkatı inqilab kontekstinə keçirəcək.

Turan Rzayev-politoloq
Xəbəri paylaş