Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan BMT-nin Korrupsiyaya qarşı Mübarizə üzrə Hüquq Mühafizə Orqanlarının iclasında təmsil olunub

Azərbaycan BMT-nin Korrupsiyaya qarşı Mübarizə üzrə Hüquq Mühafizə Orqanlarının iclasında təmsil olunub


Azərbaycan Respublikasının Prokurorluğunun beynəlxalq təşkilatlarla qarşılıqlı əməkdaşlığı uğurla davam etdirilir.
Cari ilin 15-17 noyabr tarixlərində İspaniya Krallığının paytaxtı Madrid şəhərində Birləşmiş Millətlər Təşkilatının (BMT) Korrupsiyaya qarşı Mübarizə üzrə Hüquq Mühafizə Orqanlarının Qlobal Əməliyyat Şəbəkəsinin (GlobE) üçüncü iclası keçirilmişdir.

Newscenter.az xəbər verir ki, BMT nümayəndələri, habelə, Amerika Birləşmiş Ştatları, Rusiya Federasiyası, Böyük Britaniya, Türkiyə, Çin, Albaniya, Qazaxıstan, Özbəkistan və digər dövlətlərin təmsilçilərinin qatıldığı tədbirdə ölkəmizi Azərbaycan Respublikasının Baş prokurorunun xüsusi tapşırıqlar üzrə köməkçisi Saleh Hacıyev və Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Təşkilati və informasiya təminatı idarəsinin prokuroru Kamil Kamilli təmsil etmişlər.

İclasda Şəbəkənin illik iş planının icra vəziyyəti, birinci iclasdan hazırkı dövrə qədər olan müddət ərzində korrupsiyaya qarşı mübarizə sahəsində əldə olunmuş nailiyyətlər, korrupsiyaya qarşı mübarizə aparan orqanlar arasında qarşılıqlı hüquqi yardımın səmərəliliyinin artırılması, müvafiq sorğuların cavablandırılması prosesinin sürətləndirməsinin təmin edilməsi məqsədilə yaradılmış Təhlükəsiz Rabitə Platformasının (Secure Communication Platform) funksiyalarının genişləndirilməsi və digər bu kimi məsələlər ətrafında geniş fikir mübadiləsi aparılmışdır.
Görüş zamanı nümayəndələrimiz Azərbaycan Respublikasının Prokurorluğu tərəfindən beynəlxalq əməkdaşlığın ayrı-ayrı sahələri və həmin münasibətlər çərçivəsində görülmüş işlər, korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilmiş mütərəqqi islahatlar, sözügedən sahədə hüquq mühafizə orqanlarının qarşılıqlı fəaliyyəti və digər məsələlər barədə iştirakçıları məlumatlandırmışlar.

Bundan başqa, iclas zamanı nümayəndələrimiz GlobE Katibliyinin rəsmiləri və eləcə də iştirakçı dövlətlərin nümayəndələri ilə görüşlər keçirərək korrupsiyaya qarşı mübarizənin müxtəlif aspektləri üzrə müzakirələr aparmışlar.

Mehman
Xəbəri paylaş