Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Elektromobil və hibrid avtomobillərlə yürüş keçirilib

Elektromobil və hibrid avtomobillərlə yürüş keçirilib


Ekologiya və Təbii Sərvətlər və Energetika nazirliklərinin təşkilatçılığı, Azərbaycan Avtomobil Federasiyası, "ISR Holding”in dəstəyi ilə elektromobil və hibrid avtomobillərlə yürüş keçirilib.

Newscenter.az-a Energetika Nazirliyindən daxil olan xəbərə görə, iştirakçılar yürüşün start götürdüyü Müşfiqabad qəsəbəsi ərazisində ağac əkməklə atmosfer havasının keyfiyyətinin yaxşılaşdırılmasına töhfə veriblər.

Ekoloji təmiz avtomobillərdən istifadənin təşviqinə hədəflənən avtoyürüş Qobustan Hibrid Elektrik Stansiyasına qədər davam edib. Burada tədbir iştirakçılarına karbon emissiyalarında elektroenergetika sektorunun payı, atmosferə atılan tullantıların azaldılması tədbirləri, elektrik enerjisi istehsalında şərti yanacağa qənaət, enerji səmərəliliyi, bərpa olunan enerji mənbələrindən istifadə kimi istiqamətləri əhatə edən təqdimat nümayiş etdirilib.

Xatırladaq ki, Nazirlər Kabinetinin 10 noyabr 2022-ci il tarixli Qərarı ilə elektromobillər və onların enerji doldurucuları idxal gömrük rüsumundan azad edilib. Ölkəmizdə ekoloji cəhətdən təmiz elektromobillərin təşviqi ilə bağlı tətbiq edilən bu və digər stimullaşdırıcı tədbirlər ekoloji təmiz avtomobillərə marağın artırılmasına, ətraf mühitə təsirlərin minimuma endirilməsinə, o cümlədən istixana effekti yaradan qaz tullantılarının azaldılması ilə bağlı Azərbaycanın götürdüyü öhdəliklərin yerinə yetirilməsinə öz müsbət töhfəsini verə bilər.

Sevinc
Xəbəri paylaş