Regionun ən güclü və nüfuzlu siyasi təşkilatı olan Yeni Azərbaycan Partiyası (YAP) sıralarında cəmiyyətin bütün təbəqələrini təmsil edən insanları birləşdirir. Eyni zamanda, cəmiyyətin ən dinamik təbəqəsi kimi çıxış edən gənclərin əksəriyyəti YAP sıralarında təmsil olunur və ictimai-siyasi proseslərdə aktiv iştirak edirlər. Bunun başlıca səbəbi ölkəmizdə həyata keçirilən gənclər siyasətinə paralel olaraq YAP-ın Azərbaycan gəncliyinin inkişafına xüsusi diqqət yetirməsidir. Özündə yüksək intellektual potensialı birləşdirən YAP sıralarında gənclər böyük üstünlük təşkil edir və partiya sıralarına yeni qoşulanların mütləq əksəriyyəti də gənclərdən ibarətdir. Bu gün YAP üzvlərinin 40 faizə qədərini gənclər təşkil edir.
YAP öz fəaliyyətində daim üzvlərinin rəy və təkliflərini nəzərə alır və demokratik idarəçilik prinsiplərini layiqincə tətbiq edir. Bu baxımdan, gənclərin düşüncə və ideyaları hər zaman diqqət mərkəzində saxlanılır. Gənclərin irəli sürdükləri layihələr mütəmadi olaraq öyrənilir, milli maraqlara uyğun olan və dövrümüzlə uzlaşan kreativ fikirlər praktikada uğurla reallaşdırılır. Bütün bunların həyata keçirilməsi üçün mütəmadi olaraq gənclərin fikirləri, təklif və tövsiyələri öyrənilir. Bu gün gənclərin partiyaya axını onların ulu öndər Heydər Əliyevin ideyalarına sədaqətlərini, Prezident İlham Əliyevin siyasətinə inamlarını ifadə etməklə yanaşı, onlar YAP sıralarına qoşulmaqla öz potensiallarından səmərəli istifadə etmək, dövlətə, dövlətçiliyə xidmət göstərmək üçün böyük meydan əldə edirlər. Bunun həyata keçirilməsi üçün isə YAP rəhbərliyi gənclərin siyasi fəallığının artırılması, beynəlxalq əlaqələrinin genişləndirilməsi, ümumiyyətlə, ayrı-ayrı sahələr üzrə müxtəlif layihələrin həyata keçirilməsinə xüsusi diqqət yetirir.
Öz fəaliyyətini xalqın iradəsi əsasında davam etdirən Yeni Azərbaycan Partiyasında təmsil olunmaq həqiqətən çox böyük şərəf və məsuliyyətdir. Partiyamızın inkişafında ölkə əhalisinin ən fəal təbəqəsini təşkil edən gənclərin özünəməxsus yer tutması, eləcə də diqqət və qayğı ilə əhatə olunmuş gənclərin YAP-ın qüdrətinin və gücünün əhəmiyyətli dayaqlarından birinə çevrilməsi, ümummilli lider Heydər Əliyevin dediyi “Gənclər bizim partiyamızın sıralarında xüsusi qayğıya malik olmalıdırlar” fikrinin gerçəkliyə çevrilməsinin təsdiqidir. Nəticə etibarilə, ümummilli lider Heydər Əliyevin ideyaları əsasında fəaliyyət göstərən Yeni Azərbaycan Partiyasının milli maraqlara əsaslanan siyasət həyata keçirməsi, gənclərə xüsusi diqqət və qayğı göstərməsi gənclərin YAP-a üz tutmasını şərtləndirir.
Dövlətimizin ictimai-siyasi həyatında aparıcı rol oynayan, ulu öndər Heydər Əliyevin yaradıcısı olduğu, Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf edən Yeni Azərbaycan Partiyasının təsis olunmasının 30 ili tamam olur. Partiyamız ölkəmizdə siyasi sabitliyin və davamlı inkişafın təminatçısı kimi çıxış edir. Yeni Azərbaycan Partiyasının fəaliyyət istiqamətlərinə və prinsiplərinə diqqət yetirdikdə onun 30 ildə Azərbaycanın bugünü və gələcəyi naminə gördüyü işlərin aydın mənzərəsi yaranır. Dahi şəxsiyyət Heydər Əliyev Yeni Azərbaycan Partiyasını dünənin, bu günün və gələcəyin partiyası kimi dəyərləndirdi. Bu mühüm cağırış da səsləndirildi ki, Yeni Azərbaycan Partiyasına xidmət etmək dövlətə, xalqa xidmət etmək deməkdir. YAP yarandığı gündən “Güclü dövlət, yüksək rifah” prinsipini fəaliyyətinin önündə saxlayır. Ümumiyyətlə, YAP-ın yaranması ilə ölkəmizin həyatında yeni və uğurlu mərhələ başladı. Bu uğurlu mərhələ cənab prezident İlham Əliyevin rəhbərliyi dövründə xüsusilə geniş vüsət aldı.
Möhtərəm Prezidentimiz, cənab İlham Əliyevin böyük əminliklə və inamla qeyd etdiyi kimi, YAP bundan sonra da ölkəmizdə gedən bütün proseslərin mərkəzində olacaq.
Gəray Zeynallı
YAP Laçın rayon təşkilatının məsləhətçisi