Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Yeni Azərbaycan Partiyası siyasi sistemin monolit gücü və avanqard siyasi institutudur

Yeni Azərbaycan Partiyası siyasi sistemin monolit gücü və avanqard siyasi institutudur


XX əsrin 90-cı illərin əvvəllərində ölkədə yaranmış mürəkkəb ictimai-siyasi şəraitdə Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə yaradılan Yeni Azəbaycan Partiyası ötən illər ərzində siyasi sabitliyin və davamlı inkişafın təminatçısı kimi çıxış etmiş, qısa müddət ərzində ümumxalq partiyasına çevrilmişdir.

30 illik tarixi yolda xalqa və vətənə, dövlətçiliyə xidmət edən Yeni Azərbaycan Partiyası Ümummilli Lider Heydər Əliyev ideyalarına əsaslanaraq, ölkəmizin ictimai-siyasi həyatında fəal iştirak edərək, dövlətçiliyimizin möhkəmlənməsi və dinamik inkişafında müstəsna rol oynayıb. 30 il öncə Azərbaycanın taleyini düşünən insanlar ölkəni böhrandan çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsü ilə çıxış etdilər və bu məqsədlə Heydər Əliyevin ətrafında birləşdilər.

21 noyabr 1992-ci ildə 550 nəfərdən ibarət təşəbbüs qrupu Naxçıvana gedərək partiyanın təsis konfransını orada keçirməyə nail oldular. Partiyanın təsis konfransında Heydər Əliyev YAP-ın sədri seçildi. Bununla da Azərbaycanın ictimai-siyasi səhnəsinə cəmiyyətdəki qüvvələr nisbətini və bundan sonra ölkədə baş verəcək hadisələrin axarını köklü və konstruktiv surətdə dəyişən partiya meydana çıxdı.

1993-cü ildə YAP-ın sədri Heydər Əliyevin prezident seçilməsi ilə partiyanın həyatında yeni dövrün əsası qoyuldu. Partiyanın statusu yeni şəraitə uyğun olaraq dəyişdi, iqtidar partiyasına çevrilərək ölkənin siyasi həyatında tutduğu mövqeyini möhkəmləndirdi, kütləvi siyasi qüvvəyə çevrilərək ictimai həyatın bütün sahələrində tərəqqiyə nail olmaq məqsədilə yüksək fəallıq nümayiş etdirdi. 1995-ci ildə keçirilən Parlament seçkilərində Milli Məclisə seçilən deputatların əksəriyyəti Yeni Azərbaycan Partiyasının üzvləri olduğundan YAP iqtidar partiyasına çevrildi, ona olan ümumxalq inamı bir daha təsdiq edildi.

Ulu Öndərin hakimiyyətə qayıdışı ilə ölkədə vətəndaş müharibəsi təhlükəsinin qarşısı alındı. Daxili və xarici bədxahların Azərbaycanı parçalamaq, dövlətçiliyimizi məhv etmək istiqamətindəki bütün cəhdlərinin qarşısı alındı. Heydər Əliyev öz qayıdışı ilə Azərbaycana sülh, sabitlik, dirçəliş və fasiləsiz inkişaf gətirdi.

Bütün dövrlərdə YAP milli maraqlara əsaslanan fəaliyyət göstərməklə ictimai-siyasi proseslərdə mühüm rol oynamış, qarşısına qoyduğu məqsəd və vəzifələri uğurla yerinə yetirmişdir.

Yarandığı gündən YAP-ın Ümummilli lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilən və uğurla tətbiq edilən əsas məqsəd və məramı Azərbaycanın dövlət müstəqilliyinin qorunub möhkəmləndirilməsindən, ərazi bütövlüyünün təmin edilməsindən, demokratik, hüquqi, dünyəvi cəmiyyət qurulmasından, əmin-amanlıq, ictimai-siyasi sabitlik, milli həmrəylik, güclü və sosialyönümlü iqtisadiyyat yaratmaqdan ibarət olmuşdur.

Bu gün Partiyamız demək olar ki, cəmiyyətimizin bütün təbəqələrini, bütün yaş qruplarını birləşdirir. Beləliklə, Yeni Azərbaycan Partiyası siyasi sistemin monolit gücü və avanqard siyasi institutudur. Başqa sözlə, YAP sahib olduğu resurslara, ictimai-siyasi nüfuzuna, özünün fəaliyyət mexanizminin səmərəlilik səviyyəsinə və siyasi sistemdəki avanqard yerinə görə Azərbaycanın siyasi palitrasının ən güclü və nüfuzlu siyasi partiyasıdır. YAP, eyni zamanda, ölkəmizdə siyasi mədəniyyətin və siyasi sistemin formalaşmasına, təkmilləşməsinə birbaşa, fundamental töhfələr verən ümumxalq partiyasıdır.

YAP-ın tarixində əlamətdar hadisələr çoxdur. Bu sırada partiyamızın indiyədək keçirilmiş qurultayları yalnız siyasi müstəvidə deyil, həm də ölkəmizin tarixində mühüm siyasi hadisələr kimi yadda qalıb. Hər bir qurultay partiyamızın tarixində silinməz iz qoyub.

Bu gün Yeni Azərbaycan Partiyasının qarşısında yeni vəzifələr durur. Eyni zamanda, yeni islahatlar və dəyişikliklər çərçivəsində partiyanın idarə olunmasında, partiya fəaliyyətinin tənzimlənməsində müvafiq addımların atılması zərurəti yaranmışdı. Partiyanın VII Qurultayında qəbul olunmuş qərarlar hakim partiyanın tarixinə yeni qələbələr yazdı. Xüsusilə də, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın partiya Sədrinin birinci müavini təyin edilməsi və uğurlu fəaliyyəti YAP-ın nüfuzunun və gücünün, Yeni Azərbaycan Partiyasına ictimai dəstəyin daha da artması baxımından olduqca mühüm əhəmiyyətə malikdir.

Vurğuladığımız kimi, özündə yüksək intellektual potensialı birləşdirən YAP-ın sıralarında gənclər də böyük üstünlük təşkil edir və partiya sıralarına yeni qoşulanların mütləq əksəriyyəti də gənclərdən ibarətdir. Ümumiyyətlə, Yeni Azərbaycan Partiyası hər zaman fəaliyyətində gənclərə geniş imkanların yaradılmasına, onlarda milli şüurun, vətənpərvərlik ruhunun formalaşdırılmasına xüsusi diqqət yetirib.

2020-ci ilin Vətən müharibəsində Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə qazandığımız qələbə, torpaqlarımızın azad olunması və ərazi bütövlüyümüzün bərpa edilməsi həm də Heydər Əliyev ideyalarının zəfəri oldu. Bu qələbə YAP-ın rəhbər tutduğu məramların, məqsədlərin, dəyərlərin təntənəsi oldu. Ona görə Yeni Azərbaycan Partiyası yaranmasının 30 illiyini daha yüksək və daha xoş ovqatla qarşılayır. Başqa cür desək, indi biz YAP-ın yaranmasının yubiley ildönümünü həm də döyüş meydanında qalib gəlmiş xalqın partiyası kimi qarşılayırıq.
Əminik ki, bundan sonra da YAP ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi və siyasi səriştəsi ilə daha böyük qələbələrlə xalqımızı qürurlandıracaq, ölkəmizin qüdrətinin artmasına mühüm töhfələr verəcəkdir.

Həbib Misirov
YAP Kəlbəcər rayon təşkilatının sədri
Xəbəri paylaş