Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ağdamın işğaldan azad olunmasının ikinci ildönümü qeyd edilib

Ağdamın işğaldan azad olunmasının ikinci ildönümü qeyd edilib


Ağdamın işğaldan azad edilməsinin ildönümü ilə əlaqədar Ağdam şəhərində təntənəli tədbir keçirilib.

Newscenter.az xəbər verir ki, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyinin, ərazidə fəaliyyət göstərən dövlət orqanlarının və Ağdam rayon ictimaiyyətinin nümayəndələri, şəhid ailələri, qazilər əvvəlcə Şəhidlər xiyabanını ziyarət ediblər. 44 günlük müharibədə qəhrəmancasına döyüşərək, şəhid olanların adları həkk olunmuş lövhənin qarşısına əkil və güllər qoyulub, dualar oxunub və Şəhid xiyabanındakı məzarlar ziyarət olunub.

Ağdam Konfrans Mərkəzində davam edən tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Qarabağ iqtisadi rayonuna daxil olan, işğaldan azad olunmuş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov qonaqları salamlayıb, 44 günlük Vətən müharibəsində qazanılan şanlı qələbədən, Ağdam şəhərində aparılan yenidənqurma və bərpa işlərindən danışıb. Bildirib ki, Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında güclü ordumuz Ermənistanın 30 il müddətində qurduğu müdafiə xəttini qısa bir zamanda yardı. Həm hərbi, həm də siyasi müstəvilərdə əldə olunan uğurların məntiqi nəticəsi olaraq Azərbaycan 44 gün ərzində öz torpaqlarını işğaldan azad etdi. Azərbaycan ordusunun Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında əldə etdiyi bu qələbə misli görülməmiş bir qələbə idi. Bu qələbə düşməni kapitulyasiya aktı imzalamağa vadar etdi və bunun sayəsində Ağdam, Kəlbəcər və Laçın bir güllə belə atılmadan Azərbaycana geri qaytarıldı.

Diqqətə çatdırılıb ki, bir zamanlar öz gözəlliyi, dinamikliyi, muğamı, tarixi ilə ad çıxaran Ağdam şəhərində bir daş belə daş üstündə qalmayıb. Bundan əlavə, Ağdam həm də işğaldan azad olunmuş rayonlarımız arasında ən çox minalarla çirklənmiş ərazilərdəndir. Bu amillər yenidənqurma və bərpa proseslərini gecikdirsə də, bütün aidiyyəti dövlət qurumları yorulmadan çalışır, Prezidentin verdiyi tapşırıqları vaxtında və dəqiq yerinə yetirmək üçün əllərindən gələni edirlər. Bura baza və sosial infrastrukturun qurulması, kənd təsərrüfatı, turizm və sənayenin inkişafı, tariximizin və mədəniyyətimiz qorunması daxildir. Bütün sadalanan istiqamətlər üzrə işlər paralel aparılır və bunların hamısının da bir məqsədi var - keçmiş məcburi köçkünlərimiz öz dədə-baba torpaqlarına geri qayıtsınlar, əvvəlkindən də gözəl, müasir və əlçatan Ağdam şəhərində yaşasınlar.

Sonra Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov rayon ictimaiyyəti nümayəndələri tərəfindən Prezident İlham Əliyevə ünvanlanan təşəkkür məktubunu səsləndirib.

Rəsmi hissədən sonra tanınmış incəsənət xadimlərinin iştirakı ilə konsert proqramı olub.
Xəbəri paylaş