Azərbaycan müstəqil dövlət olaraq dünyanın əksər dövlətləri ilə ikitərəfli siyasi, iqtisadi mədəni əlaqələr saxlayır, xarici siyasətini bu əlaqələr əsasında qurur. Məhz bunun nəticəsidir ki, dünya dövlətləri Azərbaycanla mövcud münasibətlərini daha da genişləndirməyə çalışır. Azərbaycanla Albaniya arasında münasibətlər də belə qurulub, belə davam edir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Albaniyaya dövlət səfəri də bu münasibətlərin qarşılıqlı etimada əsaslandığını göstərir. Rəsmi görüşdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bəyanatla çıxışında Albaniya dövlətinin xarici siyasətini haqq-ədalət baxımından davam etdiyini diqqətə çatdıraraq dedi: “ …Həm işğal dövründə, həm İkinci Qarabağ müharibəsi dövründə Albaniya rəsmilərinin bəyanatlarını, Azərbaycanın ərazi bütövlüyünə göstərilən dəstəyi biz çox yüksək qiymətləndiririk…”. Bu, təkcə minnətdarlıq deyil, bəşərilik naminə qalib dövlətin başçısının dünyaya mesajıdır…
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev İkinci Qarabağ müahribəsindən söz açaraq bu ədalətli müharibədə Azərbaycanın güclü dövlət, Azərbaycan Ordusunun güclü ordu olduğunu xatırladaraq dedi: “Biz bu məsələni təkbaşına həll etdik, ədaləti bərpa etdik və azad edilmiş torpaqlarda indi Azərbaycan Bayrağı dalğalanır. Biz bu torpaqlara qayıtmışıq və bu torpaqlara həyat qayıdır”. Bu fikirlər ehtirama sədaqətdir və sədaqət olmaqla bərabər, Azərbaycan dövlətinin işğaldan azad edilmiş torpaqlarda başladığı və uğurla davam etdirdiyi quruculuq işlərinin də Zəfər qədər qürurla tarixləşəcəyinin zəmanətidir…
Səbinə XASAYEVA,
Milli Məclisin deputatı