“Qarabağdakı qanunsuz erməni birləşmələrinin son günlərdəki aktivliyi, Azərbaycanla sərhəddə təxribatlara əl atması sərhəddə hərbi əməliyyatlar riskini yenidən artırır. Görünən odur ki, qanunsuz erməni hərbi birləşmələri könüllü şəkildə silahı yerə qoyub təxribatlardan əl çəkmək barədə düşünmürlər”.
Bu fikirləri Newscenter.az-a Milli Vəhdət Partiyasının sədr müavini Süleyman İsmayılbəyli səsləndirib. O bildirib ki, separatçıların sülhə və təhlükəsizliyə yönəlik fəaliyyətlərinə Qarabağdakı Rusiya sülhməramlılarının göz yumması da ərazidəki qeyri-qanuni erməni hərbi birləşmələrinin təxribatlar törətməsinə daha da stimul vermiş olur:
“Bir neçə gün əvvək Ağdam və Xocalıda, bu gün isə Xocavənd və Füzulidə qanunsuz erməni silahlı birləşmələrinin Azərbaycan Ordusunun mövqelərini atəşə tutması bunun bariz nümunəsidir. Düzdür, Azərbaycan Ordusu adekvat tədbirlərlə bunun qarşısını alsa da, görünən odur ki, vəziyyətin belə davam etməsi və təxribatların sistemli xarakter alması yenidən “Dəmir Yumruğun” işə düşməsinə zəmin yaradacaq və Azərbaycan Ordusu yenidən daha təsirli addımlar atmalı olacaq”.
Qeyd edək ki, noyabrın 17-si saat 09:55-dən 14:45-dək Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı birləşmələrinin üzvlərinin Ağdam və Xocalı rayonları ərazilərində döyüş mövqelərinin möhkəmləndirilməsi məqsədilə mühəndis tədbirləri icra etmələri Ordumuzun bölmələri tərəfindən müşahidə edilib. Bu gün isə Xocavənd və Füzuli istiqamətindəki Azərbaycan Ordusunun mövqeləri Qarabağdakı qeyri-qanuni erməni hərbi birləşmələri tərəfindən atəşə tutulub.
Mehman