Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bəzi dövlətlərin terror təşkilatlarına dəstək verdiklərini görürük - Numan Kurtulmuş

Bəzi dövlətlərin terror təşkilatlarına dəstək verdiklərini görürük - Numan Kurtulmuş


Bir tərəfdən dostluq əlaqələri davam edən bəzi dövlətlərin terror təşkilatlarına dəstək verdiklərini görürük.

Newscenter.az xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyasının yaradılmasının 30 illiyi münasibətilə təşkil olunan tədbirdə iştirak etmək üçün Azərbaycana gələn Türkiyə Respublikasının Ədalət və İnkişaf Partiyasının (AK Parti) sədrinin birinci müavini Numan Kurtulmuş deyib.

O, səfər çərçivəsində mərhum prezident Heydər Əliyevin məzarı, Şəhidlər Xiyabanı və Türk Şəhidliyini ziyarət edib.

Daha sonra mətbuata açıqlama verən Kurtulmuş 30 il əvvəl Heydər Əliyevin rəhbərliyi ilə qurulan YAP-ın ildönümündə Türkiyənin sevgisini, qardaşlığını və dostluğunu nümayiş etdirmək üçün Bakıda olduqlarını bildirib.

Kurtulmuş Türkiyə Silahlı Qüvvələrinin sərhədyanı terror əməliyyatlarına da münasibət bildirərək terrorla qaynağında mübarizə aparmalı olduqlarını qeyd edib.

Türkiyənin hüdudlarından kənarda uzun illərdir ölkəni narahat edən və Türkiyəyə ağır bədəllər ödətdirən bir terror qaynağının olduğunu söyləyən Kurtulmuş "Təəssüf ki, bu terror təşkilatları öz başlarına deyillər. Aldıqları müəyyən dəstəklər var. Lojistik dəstək, siyasi dəstək, silah dəstəyi və hətta kəşfiyyat dəstəyi var. Onların Türkiyəyə zərər verməsinin qarşısını alacaq əməliyyatlar uzun müddətdir davam edir. Həm İraqın, həm də Suriyanın şimalında harada terror təşkilatları aşkar edilibsə, bəzən nöqtə əməliyyatları, bəzən isə iki gündür edildiyi kimi hava əməliyyatları ilə bu işlər davam etdirilir", - deyib.

Terror təşkilatlarının bəzi qüvvələr tərəfindən vəkalət savaşlarında bir vasitə kimi istifadə edildiyini çox yaxşı bildiklərini ifadə edən Kurtulmuş "Terrorçunun yaxşısı pisi olmaz. Heç bir ölkə öz mənfəətləri üçün terror təşkilatlarını dəstəkləməməlidir. Biz terrorizmə qarşı qətiyyətli mövqeyimizi ortaya qoymaq məcburiyyətindəyik. Bu, bizim milli varlığımız üçün zəruridir. Eyni zamanda, biz bütün ölkələri insanlığa düşmən olan bütün terror təşkilatlarına qarşı humanitar cəbhədə həmrəy olmağa çağırırıq. Bütün ölkələr terrorla heç bir ayrı-seçkilik etmədən mübarizə aparmalıdır.

Qeyd etmək istəyirəm ki, Türkiyənin bu əməliyyatları heç vaxt qonşu ölkələrimizə zərər vurmaq məqsədi daşımır, qonşu ölkələrdəki dost və qardaş mülki əhaliyə heç bir zərər vurmur və tamamilə terror yuvalarını hədəf alan əməliyyatlardır. Ümid edirik ki, bütün dünyada terror təşkilatlarına qarşı ortaq mübarizə aparılacaq. Terrorun arxasındakı dəstəklər geri çəkilərsə, çox qısa zamanda, bir həftə, on gün ərzində dünyada heç bir terror təşkilatı qalmaz. Amma təəssüf ki, bir tərəfdən dostluq əlaqələri davam edən bəzi dövlətlərin bu terror təşkilatlarına dəstək verdiklərini görürük”, - deyə vurğulayıb.

Anar Əliyev
Xəbəri paylaş