Milli Həmrəylik Partiyasının (MHP) sədri Əlisahib Hüseynov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi Yeni Azərbaycan Partiyasının (YAP) 30 illik yubileyi münasibətilə təbrik edib.
MHP mətbuat xidmətindən Newscenter.az-a verilən məlumata görə, təbrik məktubunda deyilir:
"Cənab Prezident!
Sizi Ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında formalaşaraq ölkəmizin siyasi həyatına vəsiqə qazanmış və ötən müddət ərzində hər zaman milli birliyin, vətəndaş həmrəyliyinin, sabitlik və tərəqqinin dəstəkçisi olduğunu sübuta yetirmiş Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasının 30-cu ildönümü münasibətilə təbrik edir və Sizə sədri olduğunuz bu böyük siyasi təşkilatın gələcək fəaliyyətində uğurlar diləyirik!
Siz sıradan bir partiyanın yox, Zəfər partiyasının, qələbələr partiyasının liderisiniz. Məhz Sizin rəhbərliyinizlə 44 günlük Vətən müharibəsində möhtəşəm Zəfər əldə edilib, tarixi ədalət və dövlətimizin ərazi bütövlüyü bərpa olunub. İnanırıq ki, Azərbaycan qarşıdakı illərdə də Sizin rəhbərliyinizlə yeni tarixi nailiyyətlərə imza atacaq.
Biz Milli Həmrəylik Partiyası olaraq Sizi dövlətimizin başçısı kimi, Müzəffər Ali Baş Komandan kimi və Yeni Azərbaycan Partiyasının sədri kimi bütün işlərinizdə və təşəbbüslərinizdə dəstəkləyirik!
Hörmətlə:
Əlisahib Hüseynov -
Milli Həmrəylik Partiyasının sədri"