Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Yeni Azərbaycan Partiyasının fəaliyyəti dövlətçilik ənənələrinə sadiq, ümumbəşəri prinsiplərə əsaslanır

Yeni Azərbaycan Partiyasının fəaliyyəti dövlətçilik ənənələrinə sadiq, ümumbəşəri prinsiplərə əsaslanır


Noyabrın 21-i ümumxalq partiya olan Yeni Azərbaycan Partiyasının təsis olunması günüdür. Düz 17 il öncə, Azərbaycanda yaranmış ağır durum yeni bir siyasi təşkilatın-Yeni Azərbaycan Partiyasının yaranma zərurətini meydana gətirdi. Ulu öndər Heydər Əliyevin yaratdığı partiya ötən zamanda ölkəni bəlalardan qurtardı və inkişaf yoluna doğru istiqamətləndirdi.

Müstəqilliyin ilk illərində Azərbaycan Respublikası öz tarixinin mürəkkəb dövrünü yaşayırdı. Azərbaycan xalqının müstəqilliyinin əleyhinə olanlar müxtəlif təxribatlardan və digər çirkin vasitələrdən istifadə edirdilər ki, bu da, öz növbəsində, ölkədə ictimai-siyasi duruma ciddi surətdə mənfi təsir göstərirdi.

Anarxiya və dağıdıcılıq siyasəti ölkədə baş alıb gedir, ağır iqtisadi vəziyyət, sabitliyi pozmaq istəyən qüvvələrin azğınlığı, bir-birinin ardınca həyata keçirilən təxribatlar, dövlət çevrilişi cəhdləri, mütəşəkkil cinayətkarlığın təhlükəli xarakter alması ictimai-siyasi və sosial ziddiyyətlərin kəskinləşməsinə rəvac vermişdi.

Belə bir məqamda Azərbaycanı kim xilas edə bilərdi? Bu şəxsiyyət yalnız ümummilli liderimiz Heydər Əliyev ola bilərdi. Ona görə ki, O, dövlət siyasətini yaxşı bilirdi, uzun illər Azərbaycana rəhbərlik etmişdi.

Ondan sonra da SSRİ-nin Siyasi Bürosunda və Nazirlər Sovetində rəhbər vəzifələrdə çalışmışdı. Hətta Ona 14 vəzifə tapşırılmışdı. O da bunların öhdəsindən layiqincə gəlirdi. Onu dünyanın bütün siyasətçiləri, Rusiyanın bütün generalları tanıyırdılar. Onların hamısı ulu öndərlə hesablaşırdılar.

Ulu öndər Moskvadan Naxçıvana getdi və orada Ali Məclisin Sədri seçildi. Ölkədə vəziyyət böhran həddinə çatanda, ölkənin tanınmış ziyalıları, ictimai xadimləri Heydər Əliyevə “Səs” qəzetində müraciət ünvanladılar. Sonra isə buna bütün xalq qoşuldu.

Heydər Əliyevin “91-lər”ə müsbət cavabı çox gecikmədi. Ulu öndər belə bir partiyanın yaranmasına razılıq vermişdi. Həmin vaxt Azərbaycanda hakimiyyətdə olan AXC–Müsavat rəhbərliyi Bakı şəhərində partiyanın təsis konfransının keçirilməsinə icazə vermədiyi üçün 50 nəfər adam burdan Naxçıvan Muxtar Respublikasına getmişdi.

Azərbaycanın bütün regionlarından seçilmiş nümayəndələrin təmsil olunduğu konfrans 1992-ci il noyabrın 21-də Heydər Əliyevin sədrliyi ilə Naxçıvanda keçirildi. Təsis konfransı Yeni Azərbaycan Partiyasının yaradılması haqqında qərar, partiyanın Proqram və Nizamnaməsini qəbul etdi. Konfransda Heydər Əliyev yekdilliklə partiyanın sədri seçildi. Habelə, partiyanın Siyasi Şurası, İdarə Heyəti və sədrin müavinləri seçildi. Beləliklə, müstəqil Azərbaycan tarixində öz üzərində böyük tarixi missiya götürən və xalqımızın həyatında mühüm hadisəyə çevrilən Yeni Azərbaycan Partiyası yarandı.

Ümummilli lider Heydər Əliyevin yolunu layiqincə davam etdirən müzəffər Ali Baş Komandan, cənab Prezident, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev əldə edilmiş bütün uğurlarımızda Yeni Azərbaycan Partiyasının, onun üzvlərinin böyük əməyi, zəhmətini qeyd edir.
Bu gün Yeni Azərbaycan Partiyası ölkəmizin aparıcı siyasi qüvvəsi kimi bu böyük məsuliyyəti hiss edir, onu öz üzərinə götürür.

Yeni Azərbaycan Partiyası öz sıralarında 750 mindən çox insanı birləşdirir, onların 40 faizi gənclərdir. Təsadüfi deyil ki, Yeni Azərbaycan Partiyası üzvlərin sayına görə nəinki ölkəmizdə, o cümlədən Cənubi Qafqazda ən böyük partiyadır. Bugün YAP üzvləri müxtəlif sahələrdə ölkəmizin ümumi inkişafına çox böyük töhfələr verirlər.

Yeni Azərbaycan Partiyası ümumbəşəri prinsiplərə əsaslanan bir partiyadır. Digər tərəfdən, partiya ətrafında sədaqətli insanları birləşdirən bir təşkilat olmalı idi. Bu gün Heydər Əliyev siyasəti cənab Prezident İlham Əliyev tərəfindən uğurla aparılır və Onun rəhbərliyi ilə ölkə günü-gündən inkişaf edir. Partiya çox mübariz və aparıcı şəxsləri ətrafında birləşdirməkdə davam edir.

Tarixin ən qüdrətli Azərbaycanının ən qüdrətli partiyası olan Yeni Azərbaycan Partiyası yarandığı gündən Azərbaycan dövlətçiliyinə və xalqımıza ləyaqətlə xidmət edir.

Təranə Paşayeva

Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatı Ərazi partiya təşkilatı sədri, “Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin rəhbəri

“Psixoloji Xidmət və Tədqiqatlar Mərkəzi” İB-nin sədri

Psixologiya üzrə fəlsəfə doktoru
Xəbəri paylaş