“Son günlər Ermənistan tərəfindən sərhəddə artan təxribatlar regionda vəziyyəti gərginləşdirməyə hesablanmış bir addımdır”.
Belə bir açıqlama ilə çıxış edən Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin sədri Samir Hümbətov Newscenter.az-a deyib ki, bu təxribatların İrəvanda keçirilən KTMT-nin toplantı ərəfəsində baş verməsi də təsadüfi deyil. Mərkəz rəhbərinin sözlərinə görə, Ermənistan bu kimi hadisələrlə KTMT-nin diqqətini prosesə yönəltməyə çalışır.
Samir Hümbətov onu da deyib ki, Ermənistan həmçinin üçüncü tərəflərin proseslərə müdaxiləsi ilə sülh müqaviləsinin imzalanmasını yubadır:
"Eyni zamanda Qarabağda sülhməramlıların fəaliyyət göstərdiyi ərazilərdə ermənilərin istehkam qurğuları hazırlaması onu deməyə əsas verir ki, Rusiyanın təhriki ilə separatçılar bu prosesi yenidən qızışdırmağa başlayırlar. Hesab edirəm ki, bununla həm Qarabağdakı separatçıların Rusiyanın təhriki ilə Azərbaycana qarşı revanşist addım atmaq niyyətini müşahid edir, həm də Ermənistanın qeyri-konstruktiv nümayiş etdirərək sülh müqaviləsindən yayındığını görürük”.
Samir Hümbətov deyib ki, Azərbaycan bundan sonra da baş verəcək hər hansı bir gərginliyə ciddi şəkildə cavab verəcək.
Anar Əliyev