Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

"Prezident İlham Əliyevin YAP-ın yubiley tədbirindəki çıxışına milli birlik, həmrəylik kontekstindən yanaşmaq lazımdır -ÖZƏL

"Prezident İlham Əliyevin YAP-ın yubiley tədbirindəki çıxışına milli birlik, həmrəylik kontekstindən yanaşmaq lazımdır


"Çağdaş dünyamızda istənilən ölkənin siyasi, iqtisadi, hərbi, mədəni həyatının idarə olunması üçün ilk növbədə hakim siyasi təşkilat, iqtidar partiyası lazımdır. Bizim ölkəmizdə bu missiya ötən gün 30 illik yubiley tədbirinə qatıldığımız Yeni Azərbaycan Partiyasının (YAP) üzərinə düşür. Bütün müxalifət partiyaları kimi biz də Milli Həmrəylik Partiyası olaraq YAP-ın fəaliyyətini yaxından izləyirik. YAP ölkəmizin ən keşməkeşli dönəmində, müstəqilliyimizin ilk illərində Ulu Öndər Heydər Əliyevin rəhbərliyi və xeyir-duası ilə siyasi həyata vəsiqə qazanıb. Bu partiyanı müstəqilliyimizlə həmyaşıd partiya hesab etmək olar".

Bu fikirləri Newscenter.az-a Milli Həmrəylik Partiyasının sədri Əlisahib Hüseynov səsləndirib. MHP sədri bildirib ki, 30 illik fəaliyyətini qeyd etmək üçün veteranları ilə, gənc üzvləri ilə, yerli və xarici qonaqları ilə dünən bir araya gələn Yeni Azərbaycan Partiyasının yubiley törəninə müxalifət partiyalarının nümayəndələri də dəvət olunmuşdu. Bu da son vaxtlar ölkədə həyata keçirilən siyasi islahatların, formalaşmaqda olan yeni siyasi konfiqurasiyanın və davam etdirilən siyasi dialoq kursunun nəticəsində təşəkkül tapmaqda olan yeni siyasi ənənələrdən biri kimi qiymətləndirilməlidir:

"YAP əvvəllər öz tədbirlərinə müxalifət nümayəndələrini dəvət etmirdi. Çünki iqtidar-müxalifət münasibətləri elə də hamar deyildi. Ramiz Mehdiyev-Əli Həsənov “ittifaq”ı hakim partiya ilə müxalifət qüvvələri arasında daim gərgin münasibətlərin hökm sürməsinə çalışırdı. Lakin Prezident İlham Əliyevin həyata keçirdiyi kadr dəyişiklikləri və siyasi islahatlar siyasi açılıma, siyasi dialoqa yol açdı, iqtidar-müxalifət münasibətlərində yumşalmalar müşahidə olunmağa başladı, ölkədə yeni siyasi mədəniyyət formalaşdı. Hakim partiya müxalifət partiyaları ilə təmas və əməkdaşlıq kursuna start verdi. Məhz bütün bunların nəticəsi kimi bu yaxınlarda YAP-ın təşkilatçılığı ilə mədəniyyət paytaxtımız Şuşada keçirilən beynəlxalq konfransa da müxalifətin nümayəndələri dəvət olunmuşdu.
Biz YAP-ın yeni siyasi kursunu, siyasi açılımını alqışlayırıq. İqtidar partiyası ilə müxalifət qüvvələri arasında əməkdaşlıq və uzlaşma mühitinin formalaşması doğrudan da çox təqdirəlayiq haldır. Dünənki yubiley tədbirinə müxalifət partiyalarının təmsilçilərinin dəvət olunması da bu mühitin formalaşmasına daha da təkan verən bir hadisə kimi qiymətləndirilməlidir. Ölkə Prezidenti və YAP-ın sədri cənab İlham Əliyevin müxalifət nümayəndələrinin də iştirak etdiyi yubiley tədbirində həm öz partiyadaşlarına, həm də bütövlükdə xalqımıza 30 il ərzində keçilən yol haqqında hesabat xarakterli çıxış etməsi olduqca müsbət tendensiyadır. Biz əvəllər iqtidarın da, müxalifətin bir araya gəldiyi, rəqib siyasi liderlərin bir-birilə sivil ünsiyyət qurduğu məqamları yalnız qardaş Türkiyənin və Qərb ölkələrinin siyasi mühitində müşahidə edirdik. Ancaq indi oxşar proseslərin Azərbaycanın siyasi həyatına da yansıması bütün siyasi qüvvələr tərəfindən təqdir olunur, xoş qarşılanır. Bu mənada, ötən gün Heydər Əliyev Mərkəzində keçirilən YAP-ın yubiley tədbirində iqtidarla müxalifətin bir araya gəlməsini Azərbaycanda yeni siyasi dönəmin başlanğıcı kimi qiymətləndirmək olar".

Partiya sədri qeyd edib ki, YAP-ın bu toplantısı milli birlik, siyasi həmrəylik toplantısı idi:

"Prezident İlham Əliyevin yubiley tədbirindəki çıxışına da milli birlik, həmrəylik kontekstindən yanaşmaq lazımdır. Vətən Müharibəsi barədə danışan dövlət başçımız Qələbə qazanmağımızda da milli birliyin nə qədər əhəmiyyətli rol oynadığını xüsusi olaraq qeyd etdi: “Xalq-iqtidar bir yumruq kimi birləşdi və cəmi 44 gün ərzində tarixi ədaləti bərpa etdi, düşməni torpaqlarımızdan qovdu. Xalqımız Ordumuzla tam birləşdi. Ona görə biz hamımız deyirik ki, bu, ümumxalq Qələbəsidir”. Bu milli birliyi, vəhdəti bundan sonra da qoruyub saxlamalıyıq. Bu da həm Yeni Azərbaycan Partiyasından, həm də bizdən, bütün müxalifət qüvvələrindən asılıdır. YAP dünən 30 illik yubileyini milli birliyə xüsusi önəm verən partiya kimi, eyni zamanda qalib ölkənin qalib partiyası kimi qeyd etdi. Biz Milli Həmrəylik Partiyası olaraq həm Prezident İlham Əliyevi, həm də Yeni Azərbaycan Partiyasının bütün üzvlərini 30 illik yubiley münasibətilə ürəkdən təbrik edir və hakim partiyaya siyasi dialoqun dərinləşməsi, demokratik ənənələrin formalaşması və milli birliyin daha da möhkəmlənməsi istiqamətində uğurlar diləyirik!".

Anar Əliyev
Xəbəri paylaş