Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qarabağa Böyük Qayıdış tezləşəcək

Qarabağa Böyük Qayıdış tezləşəcək


“Azərbaycan Respublikasinin İşğaldan Azad Edilmiş Ərazilərinə Böyük Qayidişa Dair” Dövlət Proqramının təsdiq edilməsi Böyük Qayıdışı daha da tezləşdirəcək.

Newscenter.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Vüqar Bayramov səsləndirib. Millət vəkili bildirib ki, proqramın əsas özəlliklərindən biri məhz fəaliyyətlər üzrə ünvanlılıq və sistemliliyin qorunmasıdır:

"Belə ki, proqramda hər bir fəaliyyət üzrə müddət, məsul qurumlar və reallaşacaq əsas istiqamətlər nəzərə alınıb. İnfrastruktur, iqtisadiyyatın yenidən qurulması, sosial inkişaf və ətraf mühitin tarazlığı kimi hədəflərin reallaşması üçün proqram 2022-2025-ci illər üzrə fəaliyyətləri və 2026-cı ildə yekun nəticələri özündə ehtiva edir. Qeyd edək ki, Azərbaycan Böyük Qayıdışı öz daxili maliyyə mənbələri hesabına reallaşdırır. 2023-cü il üçün dövlət büdcə layihəsinə əsasən, gələn il Böyük Qayıdış layihəsi çərçivəsində işğaldan azad olunmuş ərazilərin yenidənqurulması və bərpası ilə bağlı xərclər 3 milyard manat nəzərdə tutulub".

Deputat bildirib ki, büdcədən 2021-ci ildə bərpa prosesinə 2.2 milyard, 2022-ci ildə 2 milyard 670 milyon manat nəzərdə tutulmuşdu:

"Bu isə o deməkdir ki, 3 il ərzində (2021-2023-cü illər) Qarabağ və Şərqi Zəngəzurunun bərpa bə yenidənqurmasına yalnız dövlət büdcəsindən 7 milyard 870 milyon manat vəsait ayrılır. Bu məhz Qarabağın daha qısa müddətdə bərpasına olan xüsusi diqqətdir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın işğaldan azad olunan ərazilərimizə mütəmadi səfərləri də quruculuq işlərinin intensiv həyata keçirilməsinə xüsusi zəmin yaradır. Bu işğaldan azad olunan ərazilərimizin daha qısa zamanda bərpasının Azərbaycan üçün prioritetliyini bir daha təsdiq edir. Proqrama əsasən, Qarabağ və Şərqi Zəngəzura 2026-ci ilədək 34 500 ailə köçürüləcək. Bu növbəti 4 ildə 160 minə yaxın vətəndaşımızın öz ata-baba yurdlarına qayıtması deməkdir. Qayıdışımız mübarək və daimi olsun!".

Sevinc
Xəbəri paylaş