“Birləşmiş Ştatların dövlət katibi Antoni Blinkenin ardınca Rusiya Federasiyasının prezidenti Vladimir Putinin də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng etməsi Cənubi Qafqaz uğrunda Vaşinqton və Moskvanın ciddi mübarizə apardığını bir daha təsdiqləmiş olur. Hər iki güc mərkəzi hazırkı situasiyada davam edən Azərbaycan-Ermənistan danışıqlarında onların maraqlarının təmin olunmasına çalışır”.
Bu fikirlər “Xəbər Mərkəzi” Analitik Qrupunun açıqlamasında yer alıb. Qrupdan Newscenter.az-a daxil olan açıqlamada bildirilib ki, Birləşmiş Ştatlar Azərbaycan və Ermənistan arasında danışıqların Brüssel formatında davam etdirilməsində maraqlı olduğunu büruzə verdiyi halda, Rusiya danışıqların onun himayəsində keçirilməsini istəyir:
“Bu isə öz növbəsində prosesin tənzimlənməsindən daha çox, onun daha da gərgin xarakter almasına gətirib çıxarır. Nəticə etibarilə Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması yubanır”.
Analitik Qrup hesab edir ki, bu gedişlə cari ilin sonuna qədər iki ölkə arasında hər hansı sülh müqaviləsi, yaxud çərçivə sənədinin imzalanması qeyri-mümkün görünür:
“Bu isə öz növbəsində yeni gərginliklər və sərhəddə qarşıdurmaların baş vermə riskini artırır”.
Mehman