Milli Məclisin sədri Sahibə Qafarova Kamboca Krallığına səfəri çərçivəsində ASEAN Parlamentlərarası Assambleyasının (APA) 43-cü Baş Assambleyasının birinci plenar iclasında çıxış edib.
Newscenter.az xəbər verir ki, spiker Azərbaycan Respublikası Parlamenti adından Baş Assambleyada iştirak edən bütün parlament nümayəndə heyətlərini salamlayaraq, Kamboca Krallığının Milli Assambleyasının sədri, ASEAN Parlamentlərarası Assambleyasının Prezidenti Henq Samrinə 43-cü Baş Assambleyaya dəvətinə və qonaqpərvərliyinə görə təşəkkür edib.
Milli Məclisin sədri diqqətə çatdırıb ki, Azərbaycan Cənub-Şərqi Asiya ölkələri ilə münasibətlərinə böyük əhəmiyyət verir və onlarla ikitərəfli və çoxtərəfli əməkdaşlığın daha da dərinləşməsinə çalışır. O, ASEAN-a üzv dövlətlərin parlamentariləri ilə əlaqələrin möhkəmləndirilməsinin mövcud münasibətlərə mühüm ölçü qatacağına, ölkələrimiz və xalqlarımız arasında əməkdaşlığın daha da möhkəmlənməsinə xidmət edəcəyinə, sülh, həmrəylik və davamlı inkişafa kömək edəcəyinə əminliyini ifadə edib.
Sahibə Qafarova bildirib ki, Cənubi Qafqaz regionunda Şərqlə Qərbin kəsişməsində yerləşən Azərbaycan qədim dövlətçilik ənənələrinə malikdir. Bu ənənələrə əsaslanaraq, Azərbaycan xalqı 1918-ci ildə müsəlman Şərqində ilk demokratik parlament Respublikasını yaratdı. Elə həmin il Qərb ölkələrinin əksəriyyətini qabaqlayan Azərbaycan qadınlara səsvermə hüququ verdi. Təəssüf ki, Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay davam etdi. Nəhayət, 1991-ci ildə Azərbaycan öz müstəqilliyini bərpa edə bildi və bu, ölkəmizin tarixində yeni dövrün başlanğıcı oldu.
Arzu