"Qazax xalqı öz prezidentini seçdi. Bu seçim isə yenə də Kasım Jomart Tokayev oldu. O dünyanın siyasi dairələrində kifayət qədər tanınmış, təcrübəli siyasətçi və diplomatdır".
Belə bir açıqlama ilə çıxış edən siyasi ekspert Çingiz Şahbazi Newscenter.az-a bildirib ki, 10-il əvvəl, Cenevrədə BMT-nin Baş Qərargahının direktoru olmuş Tokayev, Qazaxıstan Senatının sədri vəzifəsində çalışıb:
"Tokayevin hakimiyyətə gəlişi, Nazarbayevin kadrı kimi qələmə verildi. Amma zaman göstərdi ki, bu məsələ birmənalı olaraq qəbul edilməməlidir. Tokayevin daxili siyasətdə düzgün olaraq atdığı addımlar, hər kəsdə müxtəlif fikirlər oyatmağa başladı. Nazarbayev və yaxın ətrafı əllərində olan böyük təsirə malik mövqelərini itirdilər və əski prezidentin ailə üzvlərindən həbs edilənlər oldu. Ölkəni çalıb talayanlar arasında böyük parçalanma baş verdi. Uzun illər ölkəyə rəhbərlik edən Nazarbayevin avtoritar rejiminə qısa zamanda son qoydu və onun yürütdüyü siyasətində olan nöqsanları aradan qaldırdı. Bunun nə qədər ağır olduğunu hər kəs gördü. Ölkə vətəndaş müharibəsinə qədər çatdı və Tokayevin ağıllı siyasəti nəticəsində həyat normal axarına dönə bildi".
Ekspert deyib ki, Tokayevin oliqarxiya kapitalizminə son qoyacam ifadəsi, ölkə insanına inamını qaytardı və onun bu qədər yüksək faizlə səs toplamasına səbəb oldu:
"Doğrudur, bu məsələ ətrafında dayanmazdım, çünki, mübahisəli və müzakirəyə ehtiyacı olan məsələdir. Amma, hər kəs bilir ki, Orta Asiyada, Şərq ölkələrində, ümumiyyətlə müsəlman ölkələrinin əksəriyyətində seçicilər, seçkiyə Avropa ölkələrində olduğu kimi yox, tamamilə fərqli baxırlar və yanaşmalar da fərqlidir. Amma bütün bunlara rəğmən, Tokayev rəqibləri arasında çox yüksək reytinqə malik idi və Qazax xalqının doğru seçim etdiyinə inanıram.
Qazaxıstan həmçinin Azərbaycanın dostu hesab olunur və Türk Dövlətləri Təşkilatının üzvüdür. Qazaxıstan TDT-da çox böyük güc hesab edilir və xüsusilə də prezident Tokayevin ordakı fəaliyyəti yüksək qiymətləndirilib. Onun birgə demokratikləşmə və modelləşmə üzrə ciddi təklifləri var və inanmaq lazımdır ki, bu iş daha da inkişaf edəcəkdir".
Çingiz Şahbazi əmin olduğunu bildirib ki, yeni seçilmiş prezident Tokayev hər kəsə meydan aça biləcək və hər kəs də öz bacarığını, ölkəsinin ona verdiyi hüquq və ədalətdən istifadə edəcəkdir.
Anar Əliyev