"Bir gün əvvəl, noyabrın 21-də gecə saatlarında Ermənistan Silahlı Qüvvələri mövqelərimizi növbəti dəfə atəşə tutublar. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Günəşli, Tovuzqala rayonunun Çinarlı yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Daşkəsən rayonunun Astaf və Tovuz rayonunun Koxanəbi yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub.
Bundan başqa, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən Ordumuzun Xocavənd və Füzuli rayonları istiqamətlərində yerləşən mövqeləri də noyabrın 21-i saat 16:50-dən noyabrın 22-si saat 01:05-dək fasilələrlə atəşə tutulub. Qeyd olunan istiqamətlərdə yerləşən bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb.
Məsələ ilə bağlı fikirlərini Newscenter.az-a bildirən siyasi ekspert Kənan Novruzov deyib ki, demək olar, hər 2-3 gündən bir ermənilər atəşkəsi pozurlar:
"Həmçinin sülhməramlıların nəzarət etdikləri ərazidə də provokasiyalar intensivləşib. Bu, narahatedici məqamdır. Görünür, rus hərbçiləri işlərinin öhdəsindən gələ bilmirlər. Dəfələrlə dediyimiz kimi, Azərbaycan ordusunun səbri sərhədsiz deyil. Hərbçilərimiz bunu bir neçə dəfə göstəriblər. Həmçinin Prezident, Ali Baş Komandan İlham Əliyev də, demək olar, hər çıxışında İrəvana xəbərdarlıq edir, qarşı tərəfi sabotajlardan çəkinməyə çağırır. Ermənistanın bu çağırışlardan dərs çıxarıb- çıxarmamağı isə öz işidir".
O bildirib ki, şərti dövlət sərhədində və sülhməramlıların nəzarət etdiyi ərazilərdə törədilən təxribatları müxtəlif qüvvələr, o cümlədən Ermənistan iqtidarı, daxildəki revanşistlər və üçüncü dövlətlər törədə bilərlər. Lakin bunun bizim üçün elə bir fərqi yoxdur:
"İstənilən provokasiyaya görə bütün məsuliyyəti rəsmi İrəvan daşıyır. Ermənistan baş naziri Nikol Paşinyan regional əməkdaşlıqda, Azərbaycanla münasibətlərin normallaşmasında maraqlıdırsa, onda sabotajların qarşısını bu və ya digər formada almalıdır. Bunu bacarmırsa, hakimiyyətdən getməlidir. Əks halda biz öz maraqlarımızın və təhlükəsizliyimizin təmin olunması üçün özümüz addımlar atacağıq. Əvvəllər də bir neçə dəfə etdiyimiz kimi. Paşinyan başa düşməlidir ki, provokasiyaların davam etməsi heç də ona “baş ucalığı” gətirmir. Əksinə, baş nazirin işi getdikcə daha da çətinləşir. Şansları azalan hökumət rəhbəri tədricən “dalana dirənir”. İkinci bir tərəfdən, təxribatların davam etməsi rəsmi İrəvanın regionla bağlı zaman-zaman səsləndirdiyi loyal bəyanatların səmimiliyini şübhə altına salır. Paşinyan regional əməkdaşlığın təmin edilməsini istəyirsə, bilməlidir ki, sabotaj cəhdlərinə son verilməlidir. Əks halda özü öz işini mürəkkəbləşdirmiş olacaq. Bir sözlə, rəsmi İrəvan “odla oynayır”. Belə gedərsə, növbəti anti-terror əməliyyatları qaçılmaz olacaq. Hazırkı gesosiyasi reallıq da buna imkan verir. Və əgər Azərbaycan Silahlı Qüvvələri anti-terror əməliyyatına başlayarlarsa, Ermənistan üçün kifayət qədər ağrılı mərhələ başlayacaq".
Anar Əliyev