Noyabr ayının 21-də qalib Azərbaycanın qələbələr partiyası olan Yeni Azərbaycan Partiyasının 30 illik yubliyeyi qeyd edildi. Yubiley münasibətilə təşkil edilən tədbirdə möhtərəm prezidentimiz cənab İlham Əliyev çıxış etdi və Qafqazın ən böyük siyasi partiyası olan Yeni Azərbaycan Partiyasının şərəfli tarix yoluna nəzər saldı. Cənab prezidentimizin də qeyd etdiyi kimi 90-cı illərin əvvələrində Azərbaycanda hər bir sahədə hərc-mərclik, özbaşınalıq, xaos, dövlət idarəçiliyində hakimiyyət uğrunda mübarizə, siyasi çəkişmələr hökm sürürdü. Gənc Azərbaycan Respublikası çox ağır vəziyyətlə və fəlakətlərlə üz-üzə qalmışdı. Hər zaman olduğu kimi bu dəfə də Azərbaycan xalqının ümid yeri xalqımızın xilaskarı Heydər Əliyev dühası idi. Məhz bu məqsədlə 1992-ci il oktyabr ayının 16-da 91 nəfər Azərbaycan ziyalısı yeni bir siyasi partiyanın yaradılması təşəbbüsü ilə Ümumilli Liderimiz Heydər Əliyevə xüsusi müraciət ünvanladı.
Newscenter.az-a bu fikirləri səsləndirən Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib ki, hər zaman xalqı üçün çalışan və xalqının yanında olan Ulu Öndərimiz Heydər Əliyev xalqın təkidli çağırışlarına səs verərək müraciəti qəbul etdi və Yeni Azərbaycan Partiyasının yaradılmasına, onun sədri olmasına razılıq verdi:
"Maneələrə baxmayaraq Partiyanı yaratmaq istəyən 550 nəfərdən ibarət təşəbbüs qrupu Naxçıvana gedərək partiyanın təsis konfransını orada keçirdi. Beləliklə, 1992-ci il noyabrın 21-də Heydər Əliyevin sədrliyi ilə keçirilmiş təsis konfransında Yeni Azərbaycan Partiyasının yaradılması haqqında qərar qəbul edildi və Heydər Əliyev yekdilliklə partiyanın Sədri seçildi. Xüsusilə qeyd etmək lazımdır ki, Yeni Azərbaycan Partiyası müxalifət partiyası kimi yaranmışdır. Lakin buna baxmayarq böyük siyasətçi, Ulu Öndərimiz Heydər Əliyevin rəhbərliyi altında xalqın sevgisini, inamını qazanaraq çox qısa müddət ərzində iqtidar partiyasına çevrilməyi bacardı. Yeni Azərbaycan Partiyası yaradıldıqdan 11 ay sonra Ümumilli Liderimiz Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi. Bununla da ölkəmizin həyatında yeni və sürətli inkşaf dövrünün əsası qoyuldu. Ulu Öndərimizin rəhbərliyi altında, Azərbaycanın strateji xəttini müəyyən edən mühüm addımlar atıldı, Azərbaycan Respublikasının Konstitusiyası qəbul edildi, hər bir sahədə köklü islahatlar həyata keçirildi. Çox qısa zaman ərzində ordu quruculuğu sahəsində böyük işlər görüldü, nizami ordu yaradıldı".
Deputat qeyd edib ki, “Əsrin kontraktı”-nın imzalanması və neft-qaz sahəsində aparılan işlər nəticəsində isə ölkəmizdə güclü maliyyə zəmini yaradıldı və iqtisadi sahədə sürətli artım müşahidə olundu:
"Sabitlik və inkişaf illəri kimi xarakterizə olunan 1993-2003-cü illər ərzində dövlətçiliyimizin çox möhkəm təməlləri formalaşdı. Müdrik Azərbaycan xalqı 2003-cü ildə yenidən ölkəmizi bəlalardan xilas edən, inkşaf və tərəqqiyə aparan Heydər Əliyev siyasətinə səs verdi.
Dövləti qurub yaratmaq nə qədər çətindirsə onu qoruyub saxlamaq da bir o qədər çətindir. Ümumilli Liderimiz Heydər Əliyevin Azərbaycan qarşısında ən böyük xidmətlərindən biri də İlham Əliyev kimi uzaqgörən, müdrik, dahi siyasətçi yetişdirməsi olmuşdur. Möhtərəm prezidentimiz İlham Əliyev, Ümumilli Liderimiz Heydər Əliyevin bütün etimad və etibarını tamlıqla doğrultmuş, Ulu Öndərimizin başlatdığı bütün işləri yüksək səviyyədə davam etdirmiş, qarşıya qoyulmuş hədəflərə çatdırmış, Ata vəsiyyətini yerinə yetirmişdir. Cənab Prezidentimiz İlham Əliyevin həyata keçirdiyi uğurlu iqtisadi-maliyyə siyasəti nəticəsində 2003-cü ildən bu günə qədər Azərbaycan iqtisadiyyatı 3 dəfədən çox artmış, xarici dövlət borcu əhəmiyyətli dərəcədə aşağı salınmış eyni zamanda iqtisadiyyatımızın şəffaflaşdırılması, xoşagəlməz hallara qarşı mübarizə kimi məsələlər prioritet hədəf olaraq qarşıya qoyulmuşdur".
Millət vəkili bildirib ki, bügün Azərbaycanda hər bir sahədə inkşaf və tərəqqi hökm sürməkdədir:
"Eyni zamanda dünya miqyasında ölkəmizin nüfuzu və qüdrəti günbəgün artmaqdadır. Həyata keçirilən müdrik xarici siyasət nəticəsində Azərbaycanın dünya ölkələri ilə əlaqələri daha da dərinləşir və yeni-yeni əlaqələr formalaşdırılır. Bununla yanaşı ölkəmiz beynəlxalq təşkilatlarla da yaxından əməkdaşlıq edir, dünya miqyaslı layihələrə ev sahibliyi edir. Bu gün Azərbaycan gücünə, qüdrətinə, sürətli inkşaf tempinə görə dünyanın lider ölkələrindəndir. Əlbətdə bütün bunlar əsası Ulu Öndərimiz Heydər Əliyev tərəfindən qoyulmuş və cənab Prezidentimiz İlham Əliyev tərəfindən davam etdirilən müdrik, uzaqgörən siyasətin nəticəsidir. Ölkəmizin əldə etdiyi hər bir uğurun, qazandığı hər bir qələbənin kökündə Heydər Əliyev siyasəti və İlham Əliyev siyasəti dayanır. Əsası Ulu Öndərimiz Heydər Əliyev tərəfindən qoyulmuş və cənab Prezidentimiz İlham Əliyev tərəfindən davam etdirilən bu siyasət nəticəsində Azərbaycanımız dünyaya günəş kimi saçır".
Ruhiyyə